“Mənim peşəm mənim gələcəyimdir!” layihəsi çərçivəsində ekskursiya təşkil olunub
İsmayıllı, 10 noyabr, AZƏRTAC
Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin qalibi olan “Mənim peşəm mənim gələcəyimdir!” layihəsi çərçivəsində İsmayıllı rayonunun Yeniyol və Təzəkənd kənd tam orta məktəblərinin VIII-XI siniflərindən olan 30-dək şagirdin “Azərxalça” ASC-nin İsmayıllı filialına ekskursiyası təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ekskursiya zamanı məktəblilər ilk olaraq emalatxanadakı şərait və iş prosesi ilə tanış olublar. “Azərxalça” ASC-nin İsmayıllı filialınin direktoru Emil Məmmədov şagirdləri Azərbaycan xalçaçılıq məktəbi və mərkəzdə hazırlanan xalçalar haqqında məlumatlandırıb, onların ərsəyə gəlməsi prosesini izah edib, xalçalarda istifadə olunan ilmələr, ornamentlər haqqında geniş bilgilər verib.
Məktəblilər əyani olaraq xalça toxumağın sirlərini birbaşa xalçaçıların özlərindən öyrənib, xalça toxunuşu prosesini əyani şəkildə izləyib, toxucuların köməyi ilə ilmələrin vurulması qaydasını öyrənib və xalça hazırlamaq üçün istifadə edilən xammal və ləvazimatlarla tanış olublar.
Qeyd edək ki, ekskursiyanın keçirilməsində məqsəd Azərbaycan xalçaçılıq sənətinin və peşəyönümlü sahələrin təbliğində şagirdlərin biliklərinin artırılmasına kömək etmək, bununla yanaşı, ölkə rəhbərliyinin xüsusi diqqət göstərdiyi xalçaçılıq sənəti üzrə gələcəkdə lazımi kadrların yetişdirilməsinə töhfə verməkdir.