Mərakeşdə kral sarayından zinət əşyaları oğurlayanların məhkəməsi başlayıb
Bakı, 25 yanvar, AZƏRTAC
Mərakeşdə kral sarayından zinət əşyaları oğurlayan şəxslərin məhkəməsi başlayıb.
AZƏRTAC Əl Cəzirə telekanalına istinadla xəbər verir ki, Kral VI Məhəmmədə məxsus onlarla bahalı qol saatı və zərgərlik məmulatlarını oğurlamaqda ittiham olunan 15 nəfər Rabat şəhərindəki məhkəmədə müttəhimlər kürsüsündə oturub. AFP informasiya agentliyinin xəbərinə görə, cinayətkar dəstənin başçısı olan 46 yaşlı qadın kral sarayında təmizlik işləri ilə məşğul olub. Sarayın təhlükəsizlik xidmətinin əməkdaşları onunla əlbir olan digər şəxsləri də aşkar edərək saxlayıblar. Qeyd olunub ki, dəstənin üzvləri oğurladıqları krala məxsus 35 qol saatının qızıl korpuslarını əridiblər və onları zərgərlərə satıblar. Cinayətdə iştirak edənlərin əksəriyyətinin qızıl alverçiləri olduğu da bildirilir.
Kral VI Məhəmməd bahalı qol saatları və zinət əşyalarının kolleksiyaçısı kimi tanınır. O, 2018-ci ildə özünün “Instagram” səhifəsində 1,2 milyon dollar qiyməti olan brilyant qaşlı “Patek Philippe” markalı qol saatının fotoşəkilini paylaşıb. Bildirilir ki, 56 yaşlı monarx 2014-cü ildə 2,5 milyardlıq sərvəti ilə “Forbes” jurnalında dünyanın ən varlı adamlarının siyahısında olub.