Mərdəkan çimərliyində təmizlik aksiyası keçiriləcəkdir
Bakı, 10 sentyabr (AZƏRTAC). Sentyabrın 21-də “Coca-Cola” şirkəti Mərdəkan çimərliyində təmizlik aksiyası keçirəcəkdir.
Dünya miqyasında çimərlik, daxili sular və okeanların təmizlənməsinə dair ən iri birgünlük könüllü aksiyaya şirkətin əməkdaşları ilə yanaşı, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də qoşulacaqlar.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, aksiya Milli Olimpiya Komitəsi, Azərbaycan Diplomatik Akademiyası, “YARAT!” qeyri-kommersiya təşkilatı, “ASAN xidmət”, “Təmiz Şəhər” ASC, “Green Baku”, “Təbiətin dostları” klubları, “ALLmag” onlayn-jurnalı və BLBS Təhsil Mərkəzi tərəfindən dəstəklənir. Bu təşəbbüs yalnız sahilyanı ərazinin təmizlənməsinə deyil, həmçinin insanların təbiət və ətraf mühitə qayğı və məsuliyyətlə yanaşmalarına yönəlmişdir.
Aksiya “Yığ, təmizlə, fərqi hiss et!” şüarı altında keçiriləcək və bütün iştirakçılar “Coca-Cola” şirkəti tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik üçün lazımi avadanlıqla təmin olunacaqlar.
Aksiyaya qatılmaq istəyənlər 436-90-67/435-85-09 telefon nömrələrinə zəng edə, [email protected] ünvanına e-mail göndərə və ya “Facebook” səhifəsində (http://www.facebook.com/events/152353654961427/) qeydiyyatdan keçə bilərlər.
Ötən ilki aksiya çərçivəsində Şüvəlan çimərliyinin 35 hektar ərazisində 16 kubmetr məişət tullantısı toplanmışdır. Həmin aksiyaya 27 ölkə üzrə “Coca-Cola”nın 24 mindən artıq tərəfdaşı qoşulmuşdur ki, nəticədə uzunluğu 2,1 min kilometr olan sahilyanı ərazilər tullantılardan təmizlənmişdir.