MƏRKƏZİ ASİYADA REGİONAL TƏHLÜKƏSİZLİYƏ DAİR KONFRANS
Özbəkistanın Milli İnformasiya Agentliyindən AZƏRTAC-a daxil olmuş məlumata görə, iki gün çəkəcək konfransda Avropa və Asiyanın, o cümlədən Mərkəzi Asiya regionunun 16 ölkəsindən, ABŞ, Rusiya, Çin, Almaniya və Belçikadan siyasi xadimlər, ekspertlər, diplomatlar iştirak edirlər.
Konfransda qeyd olunmuşdur ki, son illər Mərkəzi Asiyanın coğrafi-siyasi əhəmiyyəti xeyli artmışdır. Buna görə də region dövlətləri üçün ən aktual problemlərdən biri təhlükəsizliyin, sülhün və sabitliyin təmin olunmasıdır. İqtisadiyyat və digər sahələrdə əməkdaşlığın inkişafına maraq göstərən aparıcı ölkələrin əksəriyyəti region dövlətlərin səylərini dəstəkləyir.
Özbəkistan xarici işlər nazirinin birinci müavini V.Norov çıxışında bildirmişdir ki, yeni minilliyin əvvəlində dünya qlobal xarakterli bir sıra təhlükələrlə - beynəlxalq terrorizmlə, dini ekstremizmlə, narkobizneslə və mütəşəkkil cinayətkarlıqla üzləşmişdir. Terrorizmin maliyyə mənbəyi olan narkobiznes də sabitliyi pozan amilə çevrilə bilər. Bu, Əfqanıstandan narkotik vasitələrin tranziti kimi istifadə edilən Mərkəzi Asiya ölkələri üçün xüsusilə aktualdır.
Təhlükəsizliyin təmin olunması üçün tərəfdaşlığın genişləndirilməsi problemin həllinin yeganə düzgün yoludur. Konfransın açılışında çıxış edən Hessen Universitetinin Mərkəzi Asiya üzrə layihəsinin rəhbəri Raymund Zaydelman, Fridrix Ebert adına Fondun bu region üzrə layihəsinin əlaqələndiricisi Raynhard Krumm, Almaniyanın Özbəkistandakı səfiri Hans-Yoahim Kiderlen bunu xüsusi vurğulamışlar.