Mərkəzi Bankda sığorta şirkətlərinin rəhbərləri ilə görüş keçirilib
Bakı, 14 iyun, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov sığorta şirkətlərinin rəhbərləri ilə görüşüb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüşdə məqsəd ölkədə iqtisadi inkişafın yeni mərhələsində sığorta sektorunun dayanıqlı inkişafının təmin edilməsinə dəstək, sektorda rəqabət qabiliyyətinin artırılması, innovativ məhsulların bazara təqdim olunması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi və sığorta bazarının əhatəsinin genişləndirilməsi məsələləri, habelə əhalinin və biznesin sığorta xidmətlərinə çıxışının asanlaşdırılması, sığortaya olan ictimai inamın gücləndirilməsi tədbirləri ilə bağlı fikir mübadiləsi aparılmasından ibarət olub.
Mərkəzi Bankın sədri çıxış edərək Prezident İlham Əliyevin ölkədə dayanıqlı iqtisadi inkişaf, vətəndaşların maddi və mənəvi rifahının yüksəldilməsi və onun davamlılığının təmin olunması ilə bağlı hədəflərini xüsusi diqqətə çatdırıb, həmin vəzifələrin reallaşdırılmasında sığorta bazarının da genişləndirilməsinin əhəmiyyətini izah edib. Bildirib ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən quruculuq siyasəti nəticəsində ölkədə makroiqtisadi sabitlik və ciddi iqtisadi artım tempi əldə edildiyindən sığorta xidmətlərinin də inkişafı üçün əlverişli iqtisadi mühit yaranıb.
T.Kazımov, həmçinin requlyatorla bazar iştirakçıları arasında birgə əməkdaşlığın daha da dərinləşdirilməsinin zəruriliyini qeyd edib, bu məqsədlə sığorta bazarının iştirakçıları ilə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinin önəmini bildirib. Sığorta sahəsində qanunvericiliyinin daha da təkmilləşdirilməsi, bazar iştirakçıları üçün əlverişli rəqəmsallaşma həllərinin təqdim edilməsi və bu kimi digər maraq doğuran sahələrdə görülməkdə olan işlər barədə məlumat verən Mərkəzi Bankın sədri həmin istiqamətlərdə veriləcək qərarlardan öncə bazar iştirakçıları ilə birgə məsləhətləşmələrin aparılacağını və bu məqsədlə mütəmadi görüşlərin keçiriləcəyini vurğulayıb.
Sığorta sektorunun son illərdəki yüksək artım templərini vurğulayan T.Kazımov, eyni zamanda, ölkəmizin gələcək inkişaf prioritetləri və qarşıya qoyulan hədəflər fonunda bazar iştirakçılarının, öz növbəsində, kadr potensialının gücləndirilməsinə, sığorta şirkətlərinin informasiya texnologiyalarının daha da inkişaf etdirilməsinə, institusional inkişafa investisiya qoyulmasının əhəmiyyətini qeyd edib.
Görüşdə sığorta şirkətlərinin rəhbərləri çıxış edərək ölkədəki iqtisadi inkişaf meyilləri, sığorta bazarının genişləndirilməsi imkanları, sığorta istehlakçılarına göstərilən xidmətlərin keyfiyyətinin artırılması sahəsində görülən işlər, həmçinin sektorda olan cari qayğılar barədə fikirlərini bölüşüblər.
Sığorta bazarında şəffaflığın təmin edilməsi, azad rəqabət mühitinin dəstəklənməsi məqsədilə Mərkəzi Bank, İcbari Sığorta Bürosu, Azərbaycan Sığortaçılar Assosiasiyası və bazar iştirakçılarının birgə əməkdaşlığının daha da genişləndirilməsi mövzusunda ətraflı fikir mübadiləsi aparılıb.