İQTİSADİYYAT
Mərkəzi Bankın İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib
Bakı, 25 iyul, AZƏRTAC
Ölkədə sahibkarlarla maliyyə-bank sektoru arasında əməkdaşlığın gücləndirilməsi, biznesin maliyyə xidmətlərinə çıxışının daha da yaxşılaşdırılması yollarının tapılması məqsədilə yaradılan Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti geniş iclası keçirilib.
Azərbaycan Mərkəzi Bankından AZƏRTAC-a bildirilib ki, iqtisadiyyatın şaxələnməsi proseslərinin orta və uzunmüddətli dövrdə ölkədə makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlığı aspektlərindən vacibliyi barədə məsələləri önə çəkən Mərkəzi Bankın sədri Taleh Kazımov mövcud həssas məqamlar fonunda ölkədə maliyyə sabitliyinin qorunduğunu, kredit aktivliyinin bərpa olunmasının davam etdiyini deyib. Qeyd edib ki, real sektorda iqtisadi aktivliyin resurs təminatında maliyyə institutlarının rolunun artırılması, xüsusən rayon və kənd yerlərində təsərrüfat subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması istiqamətində işlər aktivləşdirilir.
Sonra Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Banklar Assosiasiyasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və digər qurumların rəhbərləri, sahibkarlar çıxış edərək bildirib ki, sahibkarlarla maliyyə-bank sektoru arasında aktiv dialoq platforması olan Sahibkarlarla Əməkdaşlıq Şurasının fəaliyyəti sahibkarlıq subyektlərinin maliyyə-bank xidmətlərinə çıxışının yaxşılaşmasına şərait yaratmaqla bütövlükdə istehsal və xidmət sahələrinin inkişafına, qeyri-neft sektorunda iqtisadi artımın daha da sürətlənməsinə töhfə verir.
Ölkədə real sektorun kreditləşməsinin aktivləşdirilməsi, xüsusən rayon və kənd yerlərində fermerlərin maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, regionların maliyyə inklüzivliyinin gücləndirilməsi, güzəştli kreditlərin artırılması və daha çox kiçik və orta sahibkarlığın inkişafına yönəldilməsi, sahibkarlar üçün maliyyə-bank xidmətlərinin rahatlaşdırılması, şərtlərin sadələşdirilməsi, müvafiq qanun layihələrinin hazırlanmasında sahibkarlarla müzakirələrin aparılması, onların fikir və təkliflərinin nəzərə alınması və digər məsələlər önə çəkilib. Bunlarla yanaşı, qlobal və milli iqtisadiyyatda baş verən proseslər, onların təsirləri ilə bağlı Mərkəzi Bank tərəfindən aparılan təhlillər və tədqiqat nəticələri barədə sahibkarların məlumatlandırılmasının vacibliyi vurğulanıb.
Görüşdə daha sonra sahibkarlar və banklar üçün aktual mövzular ətrafında geniş müzakirələr aparılıb.
T.Kazımov müzakirələrin nəticələrini ümumiləşdirərək iclasın çox faydalı olduğunu deyib və səslənən təklifləri dəstəklədiyini diqqətə çatdırıb. Bildirib ki, burada qaldırılan məsələlər və səsləndirilən təkliflər hərtərəfli öyrəniləcək, həmin istiqamətlər üzrə birgə iş aparılacaq. Ölkədə həyata keçirilən yeni nəsil sosial-iqtisadi və institusional islahatlar cəmiyyətin bütün üzvlərinin, xüsusən biznes mənsublarının güclü və dayanıqlı maliyyə sistemindən faydalanmaq imkanlarını daha da artıracaq.