SİYASƏT
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI TRENERLƏR HAZIRLIĞINA BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyulun 15-də Mərkəzi Seçki Komissiyası (MSK) dairə seçki komissiyalarının əməkdaşlarından trenerlər hazırlanması məqsədi ilə məşğələ keçirmişdir.
Komissiyanın sədri Məzahir Pənahov tədbiri açaraq demişdir ki, hələ 2003-cü ildə Avropa Şurası Venesiya Komissiyasının dəstəyi ilə MSK-nın 17 trenerdən ibarət təlim qrupu yaradılmış və hər bir trener beynəlxalq sertifikat almışdı. Bu treninq qrupu hər seçkidən əvvəl aşağı seçki komissiyalarının 30 mindən çox üzvü üçün təlim məşğələləri keçirmişdi. Təlimlərin səmərəli alınması üçün aşağı seçki komissiyalarının üzvləri kiçik qruplara bölünürdü və bu proses xeyli vaxt aparırdı.
M.Pənahov demişdir ki, budəfəki təlimlərin daha səmərəli və operativ keçirilməsi məqsədi ilə dairə seçki komissiyaları (DSK) katibliklərinin hər birindən 2 nəfər olmaqla trenerlərin hazırlanması qərara alınmışdır. Onlar da gələcəkdə aşağı seçki komissiyalarının üzvlərinə treninq keçəcək MSK treninq qrupuna yardımçı olacaqlar.
Bu tədbirin də DSK əməkdaşlarından trenerlərin hazırlanması məqsədi ilə keçirildiyini diqqətə çatdıran M.Pənahov bildirmişdir ki, məşğələlər zamanı trenerlərə seçki günü həyata keçirilən prosedurlar izah olunacaq, onlara nəzəri və praktiki biliklər veriləcəkdir.
MSK sədri təlim məşğələlərinin keçirilməsində və trenerlərin hazırlanmasında iştirak edən Avropa Şurası Venesiya Komissiyasına minnətdarlığını bildirmişdir.
Tədbirdə iştirak edən Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio DSK katibliklərinin əməkdaşlarından trenerlərin hazırlanması işini çox yüksək qiymətləndirmiş, bu təlimlər zamanı hazırlanacaq mütəxəssislərin seçkiyə dair beynəlxalq standartları mənimsəyəcəklərinə, onların peşəkarlıq səviyyəsinin yüksələcəyinə əmin olduğunu qeyd etmişdir.
C.Bukikkio MSK tərəfindən peşəkar seçki məmurlarının hazırlanmasına xidmət edən maarifləndirmə proqramlarının reallaşdırılmasının seçkilərin demokratik keçirilməsi baxımından çox böyük əhəmiyyət daşıdığını vurğulamış və trenerlərə uğurlar arzulamışdır.
Sonra MSK-nın təlim qrupunun trenerlərinin və AŞ Venesiya Komissiyasının ekspertlərinin “Seçki günü məntəqə seçki komissiyalarının rolu və vəzifələri”, “Şəffaflıq”, “Seçki günü prosedurları”, “Səsvermənin nəticəsi” və “Treninqi necə təşkil etməli” movzularında məruzələri dinlənilmişdir. Məruzələr zamanı əyani vəsaitlərdən istifadə olunmuşdur. Tədbirin ikinci günü trenerlərlə praktiki məşğələlər keçiriləcəkdir.
######