Meşədə itkin düşmüş insanları axtarmaq qabiliyyətinə malik qurğu yaradılıb
Bakı, 13 fevral, AZƏRTAC
İsveçrədə meşədə itkin düşmüş insanları axtarmaq qabiliyyətinə malik dron yaradılıb.
AZƏRTAC "hi-news.ru" saytına istinadən xəbər verir ki, Sürix Universitetinin məlumatına əsasən, hər il meşədə itkin düşmüş insanlarla bağlı İsveçrənin Xilasetmə Xidmətinə təqribən 1000 zəng daxil olur. Sürix Universiteti, həmçinin İtaliyanın süni intellektin tədqiqatı üzrə "IDSIA" İnstitutunda çalışan mütəxəssislərin birgə səyi nəticəsində meşədə istiqaməti müəyyən edən pilotsuz uçan aparat (PUA) yaradılıb. PUA ona qurulmuş kameraların köməyi ilə ətraf ərazini təhlil edir, insanlar tərəfindən tapdalanmış cığırları taparaq hərəkət edir. Gələcəkdə belə dronların köməyi ilə itkin düşmüş insanların axtarışları sürətlənəcək.
Belə bir qurğunun yaradılması məlumatların emalı üçün neyron şəbəkəsinə əsaslanan süni intellektdən ibarət xüsusi proqram təminatı sayəsində mümkün olub. İki daxili kamera sayəsində dron meşə şəraitinə sürətlə uyğunlaşır və maneələri dəf edərək cığırlar üzrə asanlıqla hərəkət edir.