SİYASƏT
Məşhur italyan müğənnisi Azərbaycanın işğal olunmuş ərazisinə səfərindən peşmançılıq hissi keçirdiyini bildirmişdir
Roma, 8 noyabr (AZƏRTAC). İtaliyanın nüfuzlu “TMNews” xəbər agentliyinin saytında bu ölkənin məşhur müğənnisi Albano Karrisinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfəri barədə məqalə yerləşdirilmişdir.
Məqalədə bildirilir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etdiyi üçün müğənninin adı bu ölkənin Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısına düşmüşdür.
Yazıda Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin mövzu ilə bağlı açıqlamasına da yer verilmişdir.
Müğənni Albano Karrisi Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlı olmadığını demişdir. İşğal olunmuş Azərbaycan ərazisinə qanunsuz səfərinə görə peşmançılıq hissi keçirdiyini deyən italiyalı müğənni Azərbaycan xalqına olan sevgisini dilə gətirmişdir. Albano Karrisi vurğulamışdır ki, onun Dağlıq Qarabağa səfəri heç bir siyasi məqsəd daşımamışdır.
Dağlıq Qarabağ münaqişəsinin tarixinə də toxunulan yazıda qeyd edilir ki, tərəflər arasında atəşkəsə dair razılıq əldə edilsə də, cəbhə xəttində tez-tez silah səsləri eşidilməkdədir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma