Məşqçilik kursunu uğurla başa vuran iştirakçılara lisenziyalar təqdim olunub
Naxçıvan, 10 aprel, AZƏRTAC
Uzunoba Təlim-Məşq İdman Kompleksinin inzibati binasında məşqçilik kursunu uğurla başa vuran iştirakçılara lisenziyalar təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən nazirliyin şöbə müdiri Taleh İbrahimov muxtar respublikada idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, idman sahəsində ixtisaslı kadrların hazırlanması, onların bilik və bacarıqlarının artırılması, təcrübəli mütəxəssislərin bu prosesə cəlb olunması məsələləri bu gün diqqət mərkəzində saxlanılır. Müvafiq tapşırıqlara uyğun olaraq ixtisasartırma kursları, taktiki-texniki seminarlar, aidiyyəti qurumlarla təcrübə mübadiləsi aparılır.
Naxçıvan Futbol Federasiyasının (NFF) sədr müavini Sakit Rzayev son illər muxtar respublikanın futbol həyatındakı yeniliklərin bu sahənin inkişafına stimul verdiyini vurğulayıb. O deyib ki, ötən dövr ərzində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə qurulan uğurlu əməkdaşlıq sayəsində məşqçi və hakimlərin futbol təhsili təmin olunub. Nəticədə onların bilik və bacarıqları artıb, karyera baxışları müsbət mənada dəyişib. Bu mənada “C” kateqoriyalı məşqçi kursu peşəkarlıq yolunda ilkin mərhələdir. O, məşqçilərin göstərilən etimadı doğruldacaqlarına əmin olduğunu bildirib.
Kursun məqsəd və vəzifələri barədə danışan AFFA-nın Məşqçi kurslarının maarifləndirmə üzrə direktoru Aslan Kərimov qeyd edib ki, uşaq futbolunda çalışan məşqçinin üzərinə böyük məsuliyyət düşür. O vurğulayıb ki, biz ilk növbədə cəmiyyətə futbolçu nümunəsində mənəvi-əxlaqi keyfiyyətlərə malik, Vətəninə, millətinə sədaqətli insan qazandırmalıyıq. Uşaqlara öz futbol təcrübəmizi aşılamaqla bərabər, onların psixoloji cəhətdən inkişafına dəstək verməliyik.
AFFA-NFF əməkdaşlığı və bölgədə idmanın inkişafı üçün atılan addımlar sayəsində Naxçıvan futbolunun ildən-ilə inkişaf etdiyini bildirən Aslan Kərimov yeni yaradılan Uzunoba Təlim-Məşq İdman Kompleksinin gənc məşqçilər üçün faydalı olacağını deyib.
Çıxış edənlər məşqçiləri təbrik edib, onlara uğurlar arzulayıblar.
Çıxışların ardından, kursu müvəffəqiyyətlə bitirən iştirakçılara “C” kateqoriyalı məşqçi lisenziyası və diplomlar təqdim edilib.
Qeyd edək ki, AFFA-nın dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və NFF-nin birgə təşkilatçılığı ilə keçirilən kursa ötən ilin sentyabr ayından start verilib və fasilələrlə 3 modul şəklində icra olunub. Kursa muxtar respublikanın müxtəlif bölgələrindən 15 məşqçi qatılıb.