MİLLƏT VƏKİLİ VAQİF SƏMƏDOĞLU İLƏ TBİLİSİDƏ GÖRÜŞ
Tbilisdəki M.F.Axundov adına Azərbaycan mədəniyyəti mərkəzində Milli Məclisiin deputatı, xalq şairi Vaqif Səmədoğlu ilə görüş olmuşdur.
Görüşü Mədəniyyət mərkəzinin direktoru Məmməd Gülməmmədov açaraq, Vaqif Səmədoğlunun yaradıcılığı və millət vəkili kimi fəaliyyəti barədə məlumat verdi.
Ölkəmizin Tbilisidəki səfiri Hacan Hacıyev, şair-tərcüməçi İmir Məmmədli, Kvemo Kartli -Borçalı bölgəsinin qubernatoru Levan Mamaladze, Gürcüstan parlamentinin deputati, “İntellekt” nəşriyyatının direktoru Qaxa Kudava və başqaları çıxış edərək, görkəmli şair Səməd Vurğuna gürcü xalqının və ziyalılarının böyük məhəbbəti olduğunu, onun əsərlərinin gürcü dilində dəfələrlə işıq üzü gördüyünü vurğuladı və oğlu Vaqifin də Gürcüstana səmimi hisslər bəslədiyindən, gürcü ədibləri ilə dostluğundan danışdılar. Gürcüstan parlamentinin deputatı, “İntellekt” nəşriyyatının direktoru Qaxa Kudava dedi ki, Vaqif Səmədoğlu xalqımızın və ölkəmizin əsl dostu olduğunu Avropa Şurasının Parlament Assambleysında çıxışında da nümayiş etdirmiş, Gürcüstanın da ərazi bütövlüyünün pozulmasına qarşı etirazını bildirmişdir. Fəxr edirik ki, Vaqifin “Azadlıq, azadlıq, övladınam mən” şerlər kitabı gürcü dilində məhz bizim nəşriyyatda nəşr olunmuşdur. Q.Kudava bu kitabın gürcü ədəbi ictimaiyyəti tərəfindən müsbət qarşılandığını söylədi.
Vaqif Səmədoğlu çıxış edərək, Tbilisiyə dəvətə və kitabın gürcü dilinə çevrilməsinə görə təşəkkürünü bildirərək dedi ki, atası kimi, onun da dost Gürcüstana və qardaş gürcü xalqına böyük məhəbbəti vardır. O, nəzərə çarpdırdı ki, Azərbaycan və Gürcüstan parlamentlərinin deputatları bütün beynəlxalq tədbirlərdə, o cümlədən də Avropa Şurasının Parlament Assambleyasında daim vahid mövqedən çıxış edirlər.
Sonda qonaq gələcək yaradıcılıq planlarından söz açdı və suallara cavab verdi.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi