Milli Aviasiya Akademiyasında iqtisadi tədqiqatlara dair mühazirə oxunub
Bakı, 26 oktyabr, AZƏRTAC
Milli Aviasiya Akademiyasının Maliyyə Klubunun təşkil etdiyi elmi seminarda Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun baş direktoru professor Nazim Müzəffərli “Müqayisəli iqtisadi tədqiqatlarda ikiqütblü ölçmələr: qeyri-səlis yanaşma və genişləndirilmiş normallaşdırma” mövzusunda mühazirə oxuyub.
Bu barədə AZƏRTAC-a İqtisadiyyat İnstitutundan bildirilib. O, mühazirəsində müqayisəli iqtisadi tədqiqatlarda ölçmə və qiymətləndirmə metodologiyasından, qeyri-səlis yanaşmaların tətbiqindən, iqtisadi göstəricilərin 0–1 intervalında normallaşdırılmasının mahiyyətindən və əhəmiyyətindən bəhs edib.
Seminarda N.Müzəffərlinin iqtisad elmləri doktorları Allahyar Muradov və Rəsmiyyə Abdullayeva ilə birgə apardığı tədqiqatlarda istifadə olunan hesablama metodologiyası və onun əsas meyarları da diqqətə çatdırılıb. Qeyri-səlis hesablama və qeyri-səlis məntiqin iqtisadi proseslərin təhlili və qiymətləndirilməsində tətbiqi imkanları, eləcə də bu yanaşmalar əsasında əldə olunan nəticələr barədə məlumat verilib.
Mühazirədə müqayisəli iqtisadi tədqiqatlarda qeyri-səlis qiymətləndirmə və genişləndirilmiş normallaşdırmanın metodoloji xüsusiyyətləri, iqtisadi göstəricilərin [0,1] intervalında qiymətləndirilməsi və əldə olunan nəticələrin linqvistik interpretasiyası məsələləri təhlil olunub.
Eyni zamanda, İqtisadiyyat İnstitutunda ölkələr və regionlar üzrə aparılan müqayisəli tədqiqatlarda tətbiq olunan metodoloji yanaşmalar təqdim edilib. Bu çərçivədə iqtisadiyyatın liberallıq-dirijistlik balansının qiymətləndirilməsi istiqamətində aparılan araşdırmalar – bilik iqtisadiyyatının liberallıq indeksi, sosial müdafiə sisteminin liberallıq indeksi, informasiya sisteminin liberallıq indeksi, xarici iqtisadi əlaqələrin liberallıq indeksi, qiymətqoymanın liberallıq indeksi, həmçinin Azərbaycan bölgələrinin müqayisəli qiymətləndirilməsi ilə bağlı tədqiqatlar seminar iştirakçılarının diqqətinə çatdırılıb.
Təqdimatdan sonra məruzə ətrafında fikir mübadiləsi aparılıb, N.Müzəffərli iştirakçıların çoxsaylı suallarını cavablandırıb, mövzu ilə bağlı elmi və metodoloji məsələlər geniş müzakirə olunub.