Milli inkişafımızın başlanğıc günü
Zaqatala, 12 iyul (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 45-ci ildönümü münasibətilə Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Milli inkişafımızın başlanğıc günü” mövzusunda elmi-praktik konfransın iştirakçıları əvvəlcə Ulu Öndərin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
AZƏRTAC xəbər verir ki, rayonun rəhbər işçilərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri konfransın əvvəlində Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.
Konfransda dahi liderin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən, idarəçilik məharəti və zəngin mənəvi keyfiyyətlərindən geniş bəhs edilmiş, rəhbərlik fəaliyyətinin ən önəmli məqamlarına toxunulmuşdur. Bildirilmişdir ki, 45 il əvvəl, 1969-cu il iyulun 14-də dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə xalqımızın tarixində yeni dövr, yeni mərhələ başlanmışdır. Vurğulanmışdır ki, Azərbaycanın müasir tarixinin bütöv bir dövrü, müstəqil dövlətimizin inkişafı məhz ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
Qeyd olunmuşdur ki, ümummilli lider 1993-cü ildə yenidən, bu dəfə müstəqil Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra bütün çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mərdliklə sinə gərərək, mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünəinam və siyasi uzaqgörənlik kimi keyfiyyətlərdən məharətlə bəhrələnərək müasir tariximizə dövlətçiliyimizin xilaskarı, banisi və qurucusu kimi daxil olmuşdur.
Konfransda çıxış edənlər xalqına həmişə nicat yolunu göstərən, ürəyində inam işığı yandıran və xoşbəxt gələcəyini təmin edən Heydər Əliyevin adının müstəqil Azərbaycan dövləti durduqca daim yaşayacağını, əziz xatirəsinin yaddaşlardan heç zaman silinməyəcəyini xüsusi vurğulamışlar.
Həmin gün axşam “Heydər parkı”nda rayonun incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı təşkil edilmişdir.