MİLLİ MƏCLİS AZƏRBAYCAN VƏ UKRAYNA OMBUDSMANLARI ARASINDA ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, qonaqları səmimi salamlayan Murtuz Ələsgərov demişdir ki, bu gün ölkələrimiz arasında çox mehriban dostluq əlaqələri vardır. Dövlətlərimizin başçılarının həyata keçirdikləri məqsədyönlü siyasət nəticəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin qarşılıqlı səfərləri zamanı imzalanmış çoxsaylı sənədlər digər sahələr kimi, ombudsman təsisatları arasında da əlaqələrin inkişafı üçün gözəl zəmin yaratmışdır. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkil aparatı ölkəmizdə insan hüquqlarının müdafiəsi və demokratiyanın inkişafı istiqamətlərində xeyli iş görmüş, beynəlxalq əməkdaşlıqda da mühüm nailiyyətlər əldə etmişdir.
Milli Məclis Azərbaycan və Ukrayna ombudsman qurumları arasında əlaqələrin inkişafına tərəfdardır və istənilən köməyi etməyə hazırdır.
Sonra Milli Məclisin sədri parlamentlərarası əlaqələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, minlərlə insanın hüquqlarının pozulması, problemlə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qətnamələr, ATƏT-in Minsk qrupunun fəaliyyəti və Azərbaycanın ədalətli mövqeyi barədə ətraflı məlumat vermişdir.
Parlamentin rəhbəri qonağın ölkəmizə səfərinin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində də əlaqələrimizin inkişafına təkan verəcəyinə ümidvar olduğunu vurğulamışdır.
Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Nina Karpaçova səmimi qəbul üçün minnətdarlığını bildirmiş və öz ölkəsinin parlament sədrinin salamlarını Murtuz Ələsgərova çatdırmışdır. O demişdir ki, strateji tərəfdaşlığa dair imzalanmış saziş ombudsman təsisatları arasında əməkdaşlığın genişlənməsinə imkan yaratmışdır. Biz yaranmış imkandan maksimum istifadə etməklə əlaqələrimizi daha da inkişaf etdirməliyik.
Bu gün Ukraynada yarım milyonadək azərbaycanlı yaşayır və onların hüquqları qorunur. Ölkələrimizin insan hüquqları üzrə müvəkkilləri arasında əməkdaşlığa dair müqavilə imzalandıqdan sonra isə azərbaycanlıların hüquqları daha etibarlı qorunacaqdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə Ukrayna bu problemin sülh yolu ilə, beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. Ukraynanın ombudsman təsisatı Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında əlindən gələni edəcəkdir.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.