MİLLİ MƏCLİS DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNUNBÜDCƏSİNİN MÜZAKİRƏSİNƏ BAŞLAMIŞDIR
Parlamentin sədri Oqtay Əsədov demişdir ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi zərfinə daxil olan sənədlər - “Əmək pensiyaları haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsi barədə” və “Sosial sığorta haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsi barədə” qanun layihələri də müzakirə olunacaqdır.
Sonra Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov qurumun büdcəsinin cari ildəki icra vəziyyəti və 2007-ci il üçün nəzərdə tutulmuş proqnozlar barədə ətraflı məlumat vermişdir. O demişdir ki, cari ilin 10 ayında fondun büdcəsinin gəlirlər proqnozu 465,9 milyon manat icra olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 63 milyon manat və ya 15 faiz çoxdur. Xərclər isə 451 manat icra edilmişdir. İlin sonunadək fonddan ayırmaların icrasına 100 faiz nail olunacaqdır.
Fondun 2007-ci il üçün gəlirləri 920,19 milyon manat, xərcləri 920,19 milyon manat nəzərdə tutulmuşdur. Bu göstərici 2006-cı ildəki gəlir və xərclərdən 330,7 milyon manat və ya 56,1 faiz çoxdur. 2007-ci ildə məcburi dovlət sosial sığorta haqlarının proqnozu 670,68 milyon manat nəzərdə tutulmuşdur ki, bu da 2006-cı ilin təsdiq olunmuş proqnozuna nisbətən 248,7 milyon manat və ya 58,9 faiz çoxdur. Gələn il fondun büdcə gəlirlərinin 82,88 faizinin məcburi dövlət sosial sığorta haqları hesabına formalaşdırılması nəzərdə tutulmuşdur. Bu haqların 271,9 milyon manatı büdcə təşkilatlarının payına düşür. Artımın 58,3 faizi və ya 80 miyon manatı hərbçilər üçün ödəniləcək məcburi dövlət sosial sığorta haqları ilə bağlıdır.
Dövlət Sosial Müdafiə Fondunun büdcə xərclərinin 869,99 milyon manatı əhaliyə ödənişlər, 50,2 milyon manatı digər xərclər, 846,85 milyon manatı əmək pensiyalarının, 23,14 manatı məcbiri dövlət sosial sığorta haqlarının hesabına müavinətlərin ödənilməsi üçün nəzərdə tutulmuşdur.
Səlim Müslümov “Əmək pensiyaları haqqında” və “Sosial sığorta haqqında” qanunlara təkilf olunan dəyişikliklərdən danışmış, bu dəyişikliklərin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdiyini diqqətə çatdırmışdır.
Sonra sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli və iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə çıxış edərək Dövlət Sosial Müdafiə Fondunun büdcəsində gəlir və xərclərin artım mənbəyi barədə məlumat vermişlər.
Müzakirələr zamanı deputatlar şəhid ailələrinə, Çernobıl qəzası, Dağlıq Qarabağ müharibəsi zamanı əlil olmuş şəxslərin pensiyalarının əsaslı surətdə artırılmasını təklif etmişlər.
Günün ikinci yarısında iclas Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun sədrliyi ilə davam etdirilmişdir. Müzakirələr zamanı deputatlar ünvanlı sosial yardımların artırılması, əlilliyin müəyyən edilməsi qaydalarının dəqiqləşdirilməsi, şəhid ailələri üçün evlərin tikilməsi və onlara verilən müavinətlərin artırılması barədə məsələlər qaldırmışlar.
Ziyafət Əsgərov müzakirələrə yekun vuraraq demişdir ki, 26 deputat çıxış edərək səmərəli və konstruktiv təkliflər irəli sürmüşdür.
Sonra Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov demişdir ki, şəhid ailələri üçün evlərin tikilməsi, onların sosial problemlərinin həlli istiqamətində tədbirlər gələn illərdə də davam etdiriləcəkdir. Ölkənin iqtisadi imkanları artdıqca pensiya və müavinətlərin məbləği də artırılır. Gələn ildən pensiyaların ödənilməsi “Əmək pensiyaları haqqında” Qanunla tənzimlənəcəkdir. Dövlət qulluqçularının, hərbçilərin və digər imtiyazlı orqanlarda çalışanların pensiya təminatı da bu qanunla tənzimlənəcəkdir. O, həmçinin bildirmişdir ki, deputatların təklifləri Fondun mütəxəssisləri tərəfindən bir daha nəzərdən keçiriləcəkdir. S.Müslümov Fondun büdcəsində bəzi rəqəmlərin artırılacağını istisna etməmişdir.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov da deputatları maraqlandıran bəzi məsələlərə aydınlıq gətirmişdir. O demişdir ki, gələn ildən nazirliyin xətti ilə verilən pensiya və müavinətlər, kompensasiyaların məbləği artırılacaq, şəhid və torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə əlil olmuş vətəndaşlar üçün evlərin tikilməsi, avtomobillərin verilməsi davam etdiriləcəkdir. Bunun üçün büdcədən xeyli vəsait ayrılmışdır.
2007-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi noyabrın 14-də davam etdiriləcəkdir.