MİLLİ MƏCLİS “İNFORMASİYA AZADLIĞI HAQQINDA” QANUN LAYİHƏSİNİ BİRİNCİ OXUNUŞDA QƏBUL ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, iclasda cari məsələlər və “İnformasiya azadlığı haqqında” qanun layihəsi müzakirə olunmuşdur.
Bəzi deputatlar son zamanlar şəhər və rayonlarda elektrik enerjisi təchizatındakı fasilələrdən, təbii fəlakətlərdən ziyan çəkmiş rayonlara ayrılmış yardımların verilməməsindən narazılıqlarını bildirmişlər.
Milli Məclisin sədri Murtuz Ələsgərov bununla əlaqədar bildirmişdir ki, BARMEK şirkəti ilə bağlı haqlı narazılıqlar hökumət səviyyəsində müzakirə olunur. Eləcə də, Prezidentin xüsusi tapşırığına əsasən, təbii fəlakətlərdən ziyan çəkmiş və köhnəlmiş, təmirə ehtiyacı olan binaların siyahısı tutulur. Bu məsələ dövlət başçısının nəzarətindədir və mühüm tədbirlər görüləcəkdir.
Sonra “İnformasiya azadlığı haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsinə başlanmışdır. Layihə ilə bağlı parlamentin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü və sənədi hazırlayan işçi qrupunun rəhbəri Rizvan Cəbiyev məlumat vermişdir. O demişdir ki, bu sənəd informasiya azadlığının həyata keçirilməsi üçün qaydalar müəyyənləşdirir, vətəndaşların informasiya əldə etmək hüququnun təmin edilməsi sahəsində dövlət orqanlarının, bələdiyyələrin, mülkiyyət növündən asılı olmayaraq, bütün hüquqi şəxslərin vəzifə və funksiyalarını tənzimləyir. Layihədə informasiya azadlığı haqqında qanunvericilik, informasiya azadlığının prinsipləri, informasiyaların əldə olunmasına təminat, informasiyaların təminatının subyektləri, məhdudlaşdırılan informasiyalar, sorğulara cavab verilməsi müddəti və sorğuya cavab verilməsindən imtina qaydaları, informasiya məsələləri üzrə komissarlığın yaradılması və digər müddəalar öz əksini tapmışdır.
Layihə geniş müzakirə edildikdən sonra birinci oxunuşda əsas kimi qəbul olunmuşdur.