MİLLİ MƏCLİSDƏ DÖVLƏT BÜDCƏSİNİN MÜZAKİRƏSİ DAVAM ETDİRİLMİŞDİR
Çıxış edən deputatlar sosial, elm, təhsil, hərbi və digər sahələrə büdcədən ayrılan vəsaitin məbləğinin artırılmasını, büdcənin gəlir və xərclərinin ildən-ilə sürətlə çoxalmasını, şəffaflığın təmin olunmasını ölkədə gedən iqtisadi inkişafın nəticəsi kimi qiymətləndirdilər.
Deputatlar gələn ilin dövlət büdcəsinin hazırlanmasında bir sıra amillərin də nəzərə alınmasını diqqətə çatdırmışlar. Qaçqın və məcburi köçkünlərin sosial problemləri, ümumtəhsil məktəblərinin tikintisi və təhsilə qayğı yenə də əsas müzakirə mövzusu olmuşdur. Növbəti illərdə dövlət büdcəsindən siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının maliyyələşməsinə də vəsait ayrılması təklif olunmuşdur. Deputatların fikrincə bu yolla həmin təşkilatların xaricdən maliyyələşməsinin və asılılığının qarşısını almaq olar.
Sonra Baş nazirin müavini, Dövlət Qaçqınkomun sədri Əli Həsənov çıxış edərək demişdir ki, hökumət qaçqın və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün təxirəsalınmaz tədbirlər görür. Ötən illər, eləcə də cari ildə 10 minlərlə köçkün yeni qəsəbələrdə evlə təmin edilmiş, onlara torpaq sahələri ayrılmış, kreditlər verilmişdir. 2007-ci ildə də komitənin xərcləri xeyli artırılaraq 52 milyon manata çatdırılmışdır. Gələn il Dövlət Neft Fondunun vəsaiti hesabına Saatlı – Sabirabaddakı 3 çadır şəhərciyindəki 4179 ailənin yeni qəsəbələrə köçürülməsi təmin ediləcəkdir. Növbəti il məktəblərdə və fin qəsəbələrində yaşayanların da köçürülməsi üçün yeni qəsəbələrin tikintisinə başlanacaq. Gələn il Neft Fondunun vəsaiti hesabına Xocalı və Xocavənddən olan 1000 ailə üçün Goranboy və Beyləqan rayonlarında yeni qəsəbələr salınacaqdır.
Ə.Həsənov demişdir ki, dövlətimizin başçısının xüsusi göstərişləri əsasında hökumətin həyata keçirdiyi tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi 72,5 faizdən 57 faizə enmişdir.
Sonra təhsil naziri Misir Mərdanov çıxış etmişdir. O demişdir ki, büdcədən təhsilin inkişafı üçün ayrılan vəsaitin həcmi hər il artırılır. 2007-ci ildə təhsil üçün nəzərdə tutulmuş vəsait cari illə müqayisədə 47 faiz çoxdur. Nazirlik təhsilin ayrı-ayrı sahələrinin inkişafı ilə əlaqədar 16 proqram hazırlayaraq həyata keçirir.
Nazir qeyd etmişdir ki, son 3 ildə respublikada 735 ümumtəhsil məktəbi tikilmiş, 785 təhsil ocağı isə əsaslı təmir olunmuşdur. 2006-cı ildə isə 188 məktəb tikiləcəkdir. Gələn il nazirliyin xətti ilə daha 300-ə yaxın məktəbin tikintisi nəzərdə tutulmuşdur. Bundan başqa Heydər Əliyev Fondunun təşəbbüsü ilə 132 məktəb tikilmiş və daha 100 məktəb tikiləcəkdir.
Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, lazımi avadanlıq və pulsuz dərs vəsaitləri ilə təmin olunması üçün tədbirlər görülür. Azərbaycan məktəblərin dərs vəsaitləri ilə pulsuz təminatına görə regionda yeganə ölkədir. Müəllimlərin əmək haqlarının, təqaüdlərin, elmi adlara və dərəcələrə görə verilən müavinətlərin artırılması da davam etdiriləcəkdir.
Axşam iclasında deputatlar ölkədə inflyasiyanın, bazarlarda süni qiymət artımının qarşısının alınması tədbirlərinin gücləndirilməsi, respublikada taxıl fondunun yaradılması, bələdiyyələrə vəsaitlərin artırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması, ermənilərin Azərbaycana təcavüzünü əks etdirən filmlərin çəkilməsi, ədəbiyyatların çapı üçün büdcədən vəsait ayrılması təklifi ilə çıxış etmişlər.
Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev demişdir ki, cari ildə ölkədə inflyasiyanın həddi 7-8 faizdən çox olmamışdır.
İqtisadi inkişaf naziri Heydər Babayev isə bazarlarda qiymətlərin süni artımının qarşısının alınması və normal rəqabətin yaradılması üçün tədbirlər görüldüyünü bildirmişdir.
Kənd təsərrüfatı naziri İsmət Abasov demişdir ki, aqrar sahədə ümumi məhsul istehsalının həcmi əvvəlki illərə nisbətən xeyli artmışdır. Cari ildə yazlıq əkin vaxtı havaların soyuq, yay aylarında quraqlıq və həddən artıq isti keçməsinə baxmayaraq, məhsul istehsalı xeyli artmışdır. Belə ki, cari ildə 2 milyon 80 min ton taxıl toplanmışdır.
Sonda maliyyə naziri Samir Şərifov demişdir ki, deputatların səsləndirdikləri problemlər bir daha nəzərdən keçiriləcək. Nazir, bəzi sahələr üçün nəzərdə tutulmuş vəsaitlərin artırılacağını istisna etməmişdir.
Milli Məclisin Sədri Oqtay Əsədov demişdir ki, 2007-ci il dövlət büdcəsinin layihəsi 3 gün ərzində parlamentin iclaslarında geniş müzakirə edilmişdir. 68 deputat layihə ilə bağlı irad və təkliflərini bildirmişdir. Hökumət bu təklifləri bir də nəzərdən keçirəcək və dövlətimizin başçısına məlumat verəcəkdir. Bundan sonra layihəyə Milli Məclisdə yenidən baxılaraq təsdiqlənəcəkdir.
Gələn ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi noyabrın 10-da davam etdiriləcəkdir.