MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Əvvəlcə Milli Məclisin sədri Oqtay Əsədov ilə Koreya Respublikasının Prezidenti Ro Mu Hyun arasında təkbətək görüş oldu. Sonra görüş geniş tərkibdə davam etdirildi.
Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanla Koreya Respublikası arasındakı dostluq əlaqələrinin tarixindən danışaraq dedi ki, müstəqillik əldə etmiş ölkəmiz bütün demokratik dövlətlərlə əlaqələr qurmuşdur və münasibətlərin inkişafında maraqlıdır. İnanırıq ki, Prezident Ro Mu Hyunun Bakıya bu səfəri dövlətlərimiz arasında əlaqələrin hərtərəfli inkişafına təkan verəcəkdir. Sizin Prezident İlham Əliyevlə görüşünüz zamanı imzaladığınız sənədlər münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaratmışdır. Azərbaycanda xarici sərmayədarlar üçün əlverişli şərait var və əminəm ki, Koreya Respublikasının iş adamları ölkəmizin iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoyacaqlar.
Sonra Milli Məclisin sədri Azərbaycanın demokratik inkişafı, həyata keçirilən hüquqi, iqtisadi islahatlar, qazanılan uğurlar barədə ətraflı məlumat verdi. Oqtay Əsədov parlamentlərarası əlaqələrdən danışdı, Milli Məclisdə Koreya Respublikası parlamenti ilə dostluq qrupunun yaradıldığını bildirdi, ali qonağın bu səfərindən sonra parlamentlərimiz arasında da münasibətlərin genişlənəcəyinə, inkişaf edəcəyinə ümidvar olduğunu vurğuladı.
Prezident Ro Mu Hyun ona və nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. Azərbaycana səfərindən məmnun qaldığını vurğulayan ali qonaq keçirdiyi görüşlərdən, Prezident İlham Əliyevlə apardığı danışıqlardan, təşkil olunmuş biznes forumdan razılığını ifadə etdi. O dedi ki, Azərbaycanın dinamik inkişafı, az bir vaxtda əldə olunan uğurlar bizdə böyük maraq doğurmuşdur. Zəngin təbii ehtiyatlara malik Azərbaycanda iri neft layihələrinin reallaşması ölkənin tərəqqisini, digər sahələrin də inkişafını daha da sürətləndirəcəkdir. İnanırıq ki, ölkələrimiz arasında əlaqələr bundan sonra daha da inkişaf edəcək və genişlənəcəkdir. Biz dünyanın heç bir ölkəsi ilə Azərbaycanla olduğu kimi sıx əməkdaşlığa köklənməmişik. İmzalanmış ikitərəfli sənədlərlə yanaşı, daha bir sıra sənədlər üzərində də iş gedir. Ali qonaq dedi ki, biz Azərbaycanla dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün səylərimizi əsirgəməyəcəyik.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.