MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Aprelin 18-də Milli Məclis sədrinin müavini, parlamentin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərovun Keçid demokratiyaları layihəsinin rəhbəri, ABŞ-ın NATO Komitəsinin həmsədri Brüs Ceksonla görüşündə Azərbaycanın NATO ilə əməkdaşlığının indiki vəziyyəti və perspektivləri, habelə Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik məsələləri müzakirə edilmişdir.
Ziyafət Əsgərov Azərbaycan ilə Şimali Atlantika bloku arasında getdikcə genişlənən münasibətlərdən danışaraq bildirdi ki, ölkəmiz “Sülh naminə tərəfdaşlıq” proqramına hələ 1994-cü ildə qoşulmuşdur. Azərbaycan NATO-nun tədbirlərində fəal iştirak etdikdən sonra, 1999-cu ildə müşahidəçi statusu almış, 2002-ci ildə isə bu təşkilatın assosiativ üzvü olmuşdur. Azərbaycan Prezidenti Heydər Əliyevin məqsədyönlü və ardıcıl siyasəti nəticəsində ölkəmiz antiterror koalisiyasına qoşulmuş və Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirak etmişdir. Azərbaycanın rəhbərliyi və parlamenti terrorizmlə mübarizəyə böyük əhəmiyyət verir, çünki ölkəmiz 1998-ci ildən bəri Ermənistan tərəfindən müntəzəm olaraq terrora məruz qalır. Erməni terror qruplaşmaları Azərbaycan ərazisində 40-dan çox terror aktı törətmiş, torpaqlarımızın 20 faizini işğal edən Ermənistan özü isə, əslində, terrorçuları dəstəkləyən dövlətdir. Ona görə də Milli Məclisin yaz sessiyasında terrorizmlə mübarizə haqqında qanuna dəyişikliklər ediləcəkdir.
Ziyafət Əsgərov Ermənistanın işğal olunmuş əraziləri narkotiklərin tranziti zonasına və terror-quldur dəstələri hazırlanan zonaya çevirməsi barədə məlumat verərək, ümidvar olduğunu söylədi ki, Avropa Şurası kimi, Şimali Atlantika bloku da ermənilərin əməllərinə öz münasibətini bildirəcəkdir.
Brüs Cekson müfəssəl məlumata görə təşəkkür edərək dedi ki, Cənubi Qafqaz ölkələrinə səfərindən başlıca məqsəd onlarla əməkdaşlığı genişləndirmək və vəziyyəti öyrənməkdir. Onun sözlərinə görə, ABŞ və NATO-nun rəhbərliyi ayrıca götürülmüş regionlarla əlaqələrə üstünlük verir və bunun nəticələri daha müsbət olur. Qonaq vurğuladı ki, Azərbaycanın Avroatlantik İttifaqının tamhüquqlu üzvü olması üçün, ilk öncə, ölkənin sabit inkişafı və NATO strukturlarına daha sıx inteqrasiyası təmin edilməlidir.