MİLLİ MƏCLİSDƏ GÖRÜŞLƏR
Çox güman ki, parlamentin qarşıdakı sessiyasına yerli özünüidarəetmə, bələdiyyələrlə bağlı üç yeni qanun layihəsi çıxarılacaqdır. Bu barədə AŞPA Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Martines Kasanla Milli Məclisin regional məsələlər daimi komissiyası üzvlərinin görüşündə məlumat verildi. Komissiyanın sədri Zahid Qaralov dedi ki, bələdiyyələr Azərbaycanda yeni təsisat olmasına baxmayaraq, bu qurumun qanunvericilik bazasının yaranması və formalaşması sahəsində ardıcıl işlər görülür. Milli Məclis indiyədək bələdiyyələrin fəaliyyəti ilə bağlı 25 qanun qəbul etmişdir.
Cənab Martines Kasan ətraflı məlumata görə təşəkkürünü bildirdi, toxunulan məsələlərin Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə aid olduğunu söylədi.
X X X
Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçisi daha sonra Milli Məclisin üzvü, kütləvi informasiya vasitələri haqqında qanun layihələrinin hazırlanması üzrə işçi qrupunun rəhbəri Rizvan Cəbiyevlə görüşdü. Rizvan Cəbiyev böyük tarixə, mədəniyyətə malik olan Azərbaycanda azad mətbuatın inkişafı, qəbul edilən qanunlarla bağlı qonağa məlumat verərək bildirdi ki, Sovet İttifaqının süqutundan əvvəl respublikada 22 qəzet və jurnal nəşr edildiyi halda, hazırda 342 adda müxtəlif qəzet və jurnal çap olunur. Azərbaycan MDB məkanında yeganə ölkədir ki, mətbuat dövlət qeydiyyatından azad edilmişdir. İctimai televiziya haqqında qanun layihəsi parlamentdə ikinci oxunuşdan keçmişdir. Həmin layihə hazırlanarkən dünyanın inkişaf etmiş 20-dək ölkəsinin təcrübəsindən istifadə olunmuş, bu işdə Avropa Şurasının ekspertləri də iştirak etmişlər.
Martines Kasan ölkəmizdə cəmiyyətin demokratikləşməsi sahəsində baş vermiş dəyişikliklər barədə deyilənlərdən razı qaldığını bildirdi.