MİLLİ MƏCLİSDƏ QƏBUL
İyulun 26-da Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə Çili Konqresinin senatoru S.Bitarı və onu müşayiət edən şəxsləri qəbul etmişdir.
Parlament sədrinin birinci müavini qonaqları salamlayaraq dedi ki, hələ SSRİ dövründə vətəndaşlarımız Salvador Alyendenin hakimiyyətə gəlməsi ilə bağlı Çilidə baş verən hadisələrlə maraqlanırdılar. O, hakimiyyətdən gedəndən sonra isə bu dövlət barədə informasiya çox az idi.
Qonaq səmimi qəbula görə təşəkkür edərək bildirdi ki, gələn il Çilidə Parlamentlərarası İttifaqın iclası olacaq və həmin iclasda bu nüfuzlu orqanın sədri seçilməlidir. Bu vəzifəyə namizədlərdən biri də Çili siyasətçisidir. S.Bitar ümidvar olduğunu bildirdi ki, səsvermədə Azərbaycan onun namizədliyini dəstəkləyəcəkdir. O, dedi ki, Azərbaycana səfərinin bir məqsədi də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat toplamaqdır.
Arif Rəhimzadə qonağı məlumatlandıraraq vurğuladı ki, bu münaqişə 1988-ci ildə ermənilər tərəfindən başlanmışdır. Təcavüz nəticəsində Azərbaycan torpaqlarının 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş, bir milyondan artıq vətəndaşımız öz torpağında qaçqına çevrilmişdir.
Parlament sədrinin birinci müavini dedi ki, 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra respublikada sabitlik bərqərar olmuşdur. 1995-ci ildən etibarən Azərbaycan iqtisadiyyatı inkişaf etməyə başlamışdır və ÜDM hər il 8-10 faiz artır. O, Azərbaycan nümayəndə heyətinin Parlamentlərarası İttifaqa seçkilərdə Çili siyasətçisinin namizədliyini dəstəkləyəcəyini də bildirdi.