SİYASƏT
MİLLİ MƏCLİSİN FÖVQƏLADƏ SESSİYASI İŞƏ BAŞLADI
İyunun 4-də Ikinci çağırış Milli Məclisin fövqəladə sessiyasının birinici iclası olmuşdur. İclası parlament sədrinin birinci müavini Arif Rəhimzadə aparırdi.
Deputatlar əvvəlcə “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin başçılarının Əfqanıstan ətrafındakı vəziyyətə dair bəyanatı haqqında” qərarı təsdiq etdilər. Bu məsələ barədə beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov çıxış etdi. O, dedi ki, sənəddə onu imzalamış ölkələrin antiterror koalisiyasında fəal iştirakı nəzərdə tutulur. Məlum olduğu kimi, Azərbaycan Prezidenti Heydər Əliyev sentyabrın 11-də baş vermiş dəhşətli terror aktından dərhal sonra ölkəmizin antiterror koalisiyasına qoşulduğunu bütün dünyaya bəyan etdi. Bundan əlavə, AzərbaycanParlamentinin AŞPA-dakı nümayəndə heyətinin başçısı İlham Əliyev terrorun hər cür təzahürünü pisləyən və Azərbaycanın antiterror koalisiyası ilə həmrəyliyini təsdiq edən bəyanatla çıxış etmişdir.
Qərar təsdiq edildikdən sonra deputatlar “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa bəzi dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun layihəsi ətrafında müzakirələri davam etdirdilər. Xatırladaq ki, ötən iclasda hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini Əli Hüseynov və insan hüquqları daimi komissiyası sədrinin müavini Rəbiyyət Aslanova deputatlara qanun layihəsi barədə məlumat vermişdilər. Qanun layihəsinin dini qurumların qeydiyyatı haqqında müddəaları ilə əlaqədar qızğın müzakirələr oldu. Deputatların bir hissəsi bu prosedurun Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, digər qismi isə Qafqaz Müsəlmanları İdarəsi vasitəsilə həyata keçirilməsini təklif etmişdi. Parlament sədrinin birinci müavini Arif Rəhimzadə müzakirələrə yekun vuraraq bildirdi ki, dini qurumların qeydiyyatı Azərbaycan Respublikası Prezidentinin müəyyən edəcəyi müvafiq icra orqanı tərəfindən həyata keçiriləcəkdir.
Sonra deputatlar Azərbaycan Respublikasının 2001-ci il dövlət büdcəsinin yerinə yetirilıməsi məsələsinin müzakirəsinə başladılar. İqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov və maliyyə nazirinin müavini Heydər Əsədov ötən ilin dövlət büdcəsinin yerinə yetirilməsinin yekunları barədə deputatlara məlumat verdilər. Deputatlar dövlət büdcəsinin icrasının yekunlarını qənaətbəxş hesab etməklə yanaşı, onu da vurğuladılar ki, bu sahədə göstəricilər daha yüksək ola bilərdi. Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadi islahatlar bunun üçün əsas yaradır.
Müzakirələrdən sonra deputatlar 2001-ci il dövlət büdcəsinin yerinə yetirilməsinin yekunlarını səs çoxluğu ilə təsdiq etdilər.
Milli Məclisin fövqəladə sessiyasının növbəti iclası iyunun 7-də olacaqdır.