MİLLİ MƏCLİSİN İCLASINDA
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov gündəlikdə duran məsələlər barəsində məlumat vermişdir. Sonra parlamentin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova demişdir ki, Azərbaycan Prezidenti qanunvericilik təşəbbüsü ilə çıxış edərək, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 14 saylı Protokolunun təsdiq edilməsi barədə” qanun layihəsini parlamentin müzakirəsinə göndərmişdir. Protokolda, İnsan hüquqları üzrə Avropa Şurasının Nazirlər Komitəsinin işinin səmərəliliyinin artırılması məqsədi ilə həmin Konvensiyanın bəzi müddəalarında dəyişikliklərin edilməsi nəzərdə tutulmuşdur. Bu dəyişikliklərdə, əsasən, hakimlərin fəaliyyət müddətinin 6 ildən 9 ilə qədər artırılması və onların yalnız bir dəfə seçilməsi, təkhakimlilik sisteminin tətbiqi və s. nəzərdə tutulmuşdur. Protokolda vətəndaşların Avropa Məhkəməsinə müraciət qaydaları da təkmilləşmişdir. Sənədin təsdiqi Avropa Şurasının üzvü olan hər bir ölkədə, eləcə də Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmasında, hakimlərin səlahiyyətlərinin müəyyən edilməsində, bəzi qanunların təkmilləşdirilməsində mühüm rol oynayacaqdır. Müzakirələr zamanı deputatlar Protokolun milli maraqlarımıza cavab verdiyini bildirmiş və sənəd səs çoxluğu ilə təsdiq edilmişdir.
Sonra “Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və Kreditştalt für Videraufbau, Frankfurt am Main (KfW) arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində “Samur-Yalama Milli Parkının yaradılması” layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsi”nin və həmin Müqaviləyə dair Xüsusi Razılaşmanın təsdiq edilməsi haqqında” və “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının təsdiq edilməsi barədə” qanun layihələri müzakirə olunmuşdur.
Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Valeh Ələsgərov bildirmişdir ki, Ekoregional Təbiəti Mühafizə Proqramının Azərbaycana aid hissəsində Samur-Yalama bölgəsində qoruq sahələrinin təşkil edilməsi nəzərdə tutulur. Bunun üçün təşkilat tərəfindən Azərbaycana maddi yardım göstəriləcəkdir.
Digər layihədə isə deyilir ki, Azərbaycanın bu konvensiyaya qoşulmasından əsas məqsəd Xəzərin dəniz ətraf mühitinin çirklənmədən qorunması, bioloji ehtiyatlarının mühafizəsi, bərpası və səmərəli istifadə edilməsidir. Sənəd Xəzərin səviyyəsinin dəyişməsi və qurudakı mənbələrdən çirklənməsi nəzərə alınmaqla, onun dəniz ətraf mühitinə tətbiq olunur. Hər iki qanun layihəsi səs çoxluğu ilə qəbul edilmişdir.
Sonra “Azərbaycan Respublikası əhalisinin Dövlət Reyestri haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunmuşdur. İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova layihə ilə bağlı ətraflı məlumat vermiş, qanunun vacibliyindən və əhəmiyyətindən danışmışdır. Geniş müzakirələrdən sonra layihə ikinci oxunuşda qəbul olunmuşdur.