MİLLİ MƏCLİSİN İCLASINDA
Sonra “Veteranlar haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsi barədə” qanun layihəsinə baxılmışdır. Sosial siyasət daimi komissiyasının sədr müavini Musa Quliyev demişdir ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi bu layihədə veteran adlarının və vəsiqələrinin verilməsi ilə bağlı qaydalar daha da təkmilləşdirilir, bu sahədə mövcud olan problemlər və boşluqlar aradan qaldırılır. Müzakirələrdən sonra layihə səsə qoyularaq təsdiq edilmişdir.
Daha sonra “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılmışdır. Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov demişdir ki, “Torpaq icarəsi haqqında” Qanuna təklif olunan dəyişiklikdə icarəyə verilən dövlət torpaqları siyahısına bitki mühafizəsi, bitki karantini xidmətləri müəssisələrinin torpaqları da əlavə olunur. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə isə bildirmişdir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 6–cı maddəsində özəlləşdirilməsi qanunla qadağan edilən müəssisələrin siyahısına baytarlıq, meşə və bitki mühafizəsi idarələrinin də adları salınır. Qanunlar səs çoxluğu ilə qəbul olunmuşdur. Bundan sonra, hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov “Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” qanun layihəsini müzakirəyə təqdim etmişdir.
Fasilədən sonra qanun layihəsinin müzakirəsi davam etdirilmişdir. Deputatlar layihənin ayrı-ayrı maddələri ilə bağlı rəylərini, müxtəlif anlayışlar barədə iradlarını bildirdilər. Xüsusilə 311-ci (rüşvət alma) və 312-ci (rüşvət vermə) maddələri, birincinin “passiv rüşvətxorluq”, ikincinin isə “aktiv rüşvətxorluq” adlandırılması, 312-1-ci maddədəki “nüfuz alveri” anlayışı müzakirə obyekti oldu.
Komissiyanın sədri Əli Hüseynov həmkarlarının rəy və təkliflərinə, iradlarına münasibətini bildirdikdən sonra layihə səsə qoyuldu və qəbul edildi.
Əli Hüseynov “Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”na əlavə edilməsi barədə” qanun layihəsini müzakirəyə təqdim etdi. Deputatlar təklif olunan dəyişikliklərə yekdilliklə səs verdilər.
Sosial siyasət daimi komissiyasının üzvü Məlahət Həsənova “Əhaliyə onkoloji yardım haqqında” Qanun layihəsi barədə məlumat verərək, onu birinci oxunuş üçün müzakirəyə təqdim etdi. Akademik Əhliman Əmiraslanov, çıxış edən deputatlar layihəni konseptual cəhətdən qiymətləndirdilər. Sənədin ikinci oxunuşa çıxarılması haqqında qərar qəbul olundu.
Sonra “Fitosanitar nəzarəti haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi keçirildi. Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov məlumat verdi ki, sənədin birinci oxunuşu zamanı həmkarları ilə bərabər, nazirlik və dövlət komitələri tərəfindən də təkliflər irəri sürülmüş, rəylər bildirilmişdi. Əsaslandırılmış təkliflərin hamısı nəzərə alınmış, hətta layihəyə “Fitosanitar nəzarətinin təşkilinin istiqamətləri” adlı yeni maddə artırılmışdır.
Müzakirələrdən sonra layihə əsas götürüldü, fəsil-fəsil və bütövlükdə səsə qoyularaq qəbul edildi.
Bununla da Milli Məclisin növbəti iş günü başa çatdı.