MİLLİ MƏCLİSİN KOMİSSİYALARINDA
AZƏRTAC xəbər verir ki, iyunun 5-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri, iqtisadi siyasət daimi komissiyalarının birgə iclası olmuşdur.
Komissiyaların üzvləri “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsini müzakirə etmişlər.
Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov məlumat vermişdir ki, bu qanun layihəsinin işlənib hazırlanması Azərbaycanın beynəlxalq öhdəliklərinə daxil olan məsələdir. Həmin məsələ, həmçinin Avropa Şurası qarşısında götürdüyümüz qanunvericilik öhdəlikləri sırasında, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə haqqında yeni Milli Strategiyada da öz əksini tapmışdır.
Komissiyaların üzvləri layihənin əhəmiyyətini, onu konseptual baxımdan bəyəndiklərini vurğulayaraq, rəy və təkliflərini bildirmişlər. Bankların da monitorinq subyektləri sırasına salınması, qanunun yalnız nağd yox, həm də köçürülən vəsaitə şamil edilməsi, növbəti korrupsiya elementinə əsas yaradılmaması üçün 12.4-cü maddənin (“Rüblük dövriyyəsi əlli min manatdan az olan monitorinq iştirakçıları daxili nəzarət sisteminin hazırlanması tələbindən azaddırlar”) çıxarılması, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə dair şübhə yaradan halların sadalanması və s. təkliflər irəli sürülmüşdür.
Qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.
X X X
Sonra hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının ayrıca iclası keçirilmişdir. İclasda bir sıra texniki dəyişiklik və əlavələr olunmuş daha yeddi qanun layihəsini Milli Məclisin müzakirəsinə çıxarmaq qərara alınmışdır.