MİLLİ MƏCLİSİN MƏTBUAT XİDMƏTİNİN BƏYANATI
Ancaq çox təəssüflər olsun ki, aramızda hələ də elə ünsürlər, elə bədxahlar tapılır ki, onlar ölkədəki bütün prosesləri ancaq qara rəngdə görürlər, müstəqil dövlətimizin imicinə, beynəlxalq nüfuzuna zərbə vurmağa cəhd edir, şər və böhtandan əl çəkmirlər. Belələri heç bir fakta, dəlil və sübuta əsaslanmayan, böhtan dolu cızmaqaralarla mətbuat səhifələrində çıxış edir, hakimiyyətin apardığı uğurlu islahatlara kölgə salmağa çalışırlar.
Son günlər bəzi qəzetlərin mənəviyyatdan uzaq, heç bir ölçüyə, əndazəyə sığmayan iftira və böhtanları həddini aşmışdır.
“Bakı-xəbər” qəzeti məsələni araşdırmadan və Milli Məclisdə heç bir səlahiyyətli nümayəndəyə müraciət etmədən deputatların əksəriyyətinin Mikayıl Müşfiq küçəsi, 501-ci məhəllədə öz vəsaitləri hesabına, tam qanunauyğun olaraq tikdirdikləri yaşayış binasının inşasını qəsdən qeyri-qanuni əməl kimi təqdim edir, Milli Məclisin, deputatların fəaliyyətinə ləkə vurmağa, onların şərəf və ləyaqətini təhqir edən yazılarla ictimaiyyəti çaşdırmağa çalışır. Bəzi qəzetlər eyni məzmunlu bu yazıları bir-birinə ötürür, təkrar-təkrar dərc edirlər.
“Bakı-xəbər”, “Azadlıq” və “Yeni Müsavat” qəzetləri Milli Məclisdə gedən işgüzar prosesləri sanki görmür, qəbul olunmuş çox mühüm qanunların mahiyyətini təhrif edir, öz səhifələrində yalnız kimlərinsə məkrli sifarişlərini yerinə yetirirlər. Bu da respublikamızda artıq neçə illərdir ki, mövcud olan söz və mətbuat azadlığından sui-istifadə edərək ucuz sensasiya dalınca qaçmaqla qara yaxmaq, ara qızışdırmaq, oxucuları çaşdırmaq məqsədini güdür.
Milli Məclisin mətbuat xidməti bəyan edir ki, “Bakı-xəbər” qəzeti məsələnin məhkəmə mərhələsinə çatdırılmaması üçün rəsmi surətdə təkzib verməli və üzr istəməlidir.