MİLLİ MƏCLİSİN NÜMAYƏNDƏ HEYƏTİ TBİLİSİYƏ GƏLMİŞDİR
Milli Məclisin sədri Murtuz Ələsgərovun başçılığı ilə parlament nümayəndə heyəti Rusiya və Cənubi Qafqaz ölkələri qanunvericilik orqanları rəhbərlərinin görüşündə iştirak etmək üçün oktyabrın 11-də Gürcüstan paytaxtına gəlmişdir.
Tbilisi hava limanında Azərbaycan nümayəndə heyətini Gürcüstan parlamenti sədrinin birinci müavini Gigi Sereteli, ölkəmizin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Hacan Hacıyev və digər rəsmi şəxslər qarşıladılar.
Elə həmin gün Gürcüstan parlamentinin sədri Nino Burcanadze Milli Məclisin sədri Murtuz Ələsgərovu qəbul etdi.
Səmimilik şəraitində keçən görüşdə Azərbaycan parlamentinin başçısı Prezident Heydər Əliyevin salamını və xoş arzularını gürcü həmkarına yetirdi, Gürcüstan-Azərbaycan parlamentlərarası komissiyasının işindən razı qaldığını söylədi və Gürcüstan parlamentinin yay istirahətindən sonra qəbul etdiyi qanunlarla və ümumiyyətlə qanun yaradıcılığı ilə maraqlandı. Murtuz Ələsgərov Rusiya və üç Cənubi Qafqaz ölkəsi parlamentləri sədrlərinin oktyabrın 12-də başlanacaq növbəti görüşünün regiondakı münaqişələrin dincliklə həllinə müsbət təsir göstərəcəyini vurğuladı.
Gürcüstan parlamentinin sədri Nino Burcanadze Azərbaycan Prezidenti Heydər Əliyevə salamına və xoş arzularına görə dərin təşəkkürünü, zəmanəmizin görkəmli siyasi və dövlət xadimi kimi ona böyük hörmət bəslədiyini bildirdi və bu yaxınlarda Bakıya etdiyi səfəri və dövlətimizin başçısı ilə görüşünü səmimiyyətlə xatırladı. Xanım Burcanadze qonaqlara Gürcüstan-Rusiya münasibətləri və bu münasibətlərin yenidən normal məcraya salınması üçün ölkə rəhbərliyinin gördüyü tədbirlər barədə ətraflı məlumat verdi. O, Murtuz Ələsgərovun bu fikri ilə razılaşaraq dedi ki, dörd ölkə parlamentləri başçılarının Tbilisi görüşü regionun ağrılı problemlərinin sülh və danışıqlar yolu ilə həllində, təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayacaqdır.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi