SİYASƏT
Milli Məclisin sosial siyasət komitəsinin növbəti iclası keçirilmişdir
Bakı, 7 noyabr (AZƏRTAC). Noyabrın 7-də Azərbaycan Respublikası Milli Məclisinin sosial siyasət komitəsinin növbəti iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə komitənin sədri Hadı Rəcəbli gündəlikdə duran “Uşaqların istirahətinin təşkili haqqında” qanun layihəsi ilə bağlı məlumat vermişdir. Bildirilmişdir ki, yeni qanun layihəsi 5 fəsildən, 25 maddədən ibarətdir. Layihədə dövlət siyasətinin əsas istiqamətləri, uşaqlara istirahət üzrə xidmətlərin göstərilməsinin qayda və şərtləri, həmçinin uşaqların istirahəti prosesinin iştirakçılarının hüquq və vəzifələri əksini tapmışdır. Qanun layihəsində uşaqların qruplar şəkilində xarici ölkələrdə dövlət büdcəsi hesabına istirahətinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkili də müəyyən olunmuşdur. Layihədə uşaqlar üçün nəzərdə tutulan müddəaların pozulmasına görə cavabdeh olan fiziki və hüquqi şəxslər üçün məsuliyyət də nəzərdə tutulur.
Daha sonra deputatlar, müvafiq qurumların nümayəndələri çıxış etmiş, qanun layihəsi ilə bağlı rəy və təkliflərini bildirmişlər.
Sonda qanun layihəsi bir sıra əlavə təkliflərin nəzərə alınması ilə yenidən işlənməsi üçün İşçi Qrupuna təhvil verilmişdir.