MİLLİ MƏTBUAT GÜNÜ MÜNASİBƏTİLƏ QƏBUL
AZƏRTAC xəbər verir ki, iyulun 21-də Azərbaycan Mətbuat Şurası Milli Mətbuat günü münasibətilə qəbul təşkil etmişdir.
Tədbiri Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq, KİV nümayəndələrini peşə bayramı münasibətilə təbrik etmiş, Azərbaycan jurnalistikasının ənənələrindən, keçdiyi inkişaf yolundan söhbət açmışdır.
Bildirilmişdir ki, 133 il əvvəl böyük mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən təməli qoyulan “Əkinçi” qəzeti xalqımızın tarixində yeni dövrün - mətbuat dövrünün başlanğıcı olmuşdur. Azərbaycan mətbuatı həmişə qabaqcıl ictimai fikrin, milli tərəqqi ideyanın carçısı kimi çıxış etmiş və xalqımızın azadlıq arzularının güclənməsində mühüm rol oynamışdır.
Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da mətbuatın əsas vəzifəsi fikir və söz azadlığını daha da dərinləşdirmək və ictimaiyyətin informasiyaya olan tələbatını təmin etməkdir. Milli Mətbuat gününün bayram edilməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu bayram günündə ümummilli lider Heydər Əliyevin mətbuatımızın inkişafı, fikir və söz azadlığının təmin olunması sahəsində müstəsna xidmətlərini bir daha yada salmaq hamımızın borcudur.
Azərbaycan Prezidentinin İcra Aparatanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov media nümayəndələrini peşə bayramı münasibətilə təbrik etmişdir. Milli mətbuatın təməl prinsiplərinə toxunan Əli Həsənov diqqətə çatdırmışdır ki, Azərbaycan mətbuatının zəngin tarixi ənənələri vardır. Xalqımızın tanınmış ictimai xadimləri, qabaqcıl mütəfəkkirləri qiymətli fikir və arzularını ictimaiyyətə mətbuat vasitəsilə çatdırmış, millətin maariflənməsini medianın əsas vəzifəsi hesab etmişlər.
Mətbuatımızın keçdiyi inkişaf mərhələlərini xatırladan Ə.Həsənov hazırda mediamızın müstəqilliyin imkanlarından faydalandığını, mətbuatın qarşısında dayanan vəzifələrin şərəfli və cəmiyyət üçün faydalı olduğunu qeyd edərək demişdir ki, Azərbaycan mətbuatı bu vəzifələri dərk edir və həmin istiqamətdə fəaliyyət göstərir.
Mətbuatın problemlərinə toxunan Prezidentin İcra Aparatının şöbə müdiri xüsusi vurğulamışdır ki, kütləvi informasiya vasitələri özünü tənzimləyən mediaya çevrilməli, bu gərəkli peşənin adına xələl gətirən insanlardan təmizlənməlidir. Hər bir vətəndaş ona yalnız doğru-düzgün informasiya çatdırıldığına əmin olmalıdır. Bunun üçün Azərbaycan dövləti hər cür şərait yaratmışdır. Mətbuat üzərindən senzura götürülmüş, KİV-in inkişafına dövlət dəstəyi ilə bağlı vacib qərarlar qəbul olunmuşdur.
Natiq vurğulamışdır ki, Azərbaycan Mətbuat Şurası KİV nümayəndələrinin yaxından iştirakı ilə mətbuatın inkişafına dair konsepsiya hazırlamış və Prezidentin İcra Aparatına təqdim etmişdir. Bu sənəddə zəruri tədbirlər nəzərdə tutulmuşdur.
Qəbulda Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, KİV-lərin və ictmaiyyətin təmsilçiləri iştirak etmişlər.
######
![]() |
![]() |

