Milli Olimpiya Komitəsində keçirilən idman administratorluğu kursu başa çatıb
Bakı, 29 yanvar, AZƏRTAC
Milli Olimpiya Komitəsində (MOK) keçirilən idman administratorluğu kursu başa çatıb.
MOK-dan AZƏRTAC-a bildiriblər ki, komitənin təşkilatçılığı və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondunun dəstəyi ilə keçirilən kursun iştirakçıları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimləri olublar. Əsas məqsəd müəllimlərin və idman mütəxəssislərinin inzibatçılıq üzrə bilik və bacarıqlarını artırmaqdan ibarətdir.
Kursu BOK-un idman inzibatçılığı üzrə sertifikatına sahib məruzəçilər Mehman Kərimov, Anar Bağırov, Kənan Məhərrəmov və Ceyhun Rəhmanov aparıblar.
Qeyd edək ki, kursda məruzəçilərlə yanaşı, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin korporativ direktoru Elçin Səfərov, Azərbaycan Voleybol Federasiyasının idman şöbəsinin rəhbəri Elnur Məmmədov və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman jurnalistikası magistr proqramının meneceri Ellada Mustafayeva qonaq təqdimatçılar qismində iştirak edərək idman sahəsindəki bilik və təcrübələrini bölüşüblər.
Kursda Olimpiya tarixi, kommunikasiya, Olimpiya Oyunlarının təşkil olunması, idman jurnalistikası, Olimpiya marketinqi və digər mövzularda təqdimatlar dinlənilib, fikir mübadiləsi aparılıb.
İştirakçılara BOK-un idman administratorluğu ilə bağlı hazırladığı kitabın MOK tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş variantları və Beynəlxalq Olimpiya Komitəsinin sertifikatları təqdim olunub.
Xatırladaq ki, MOK səkkizinci dəfədir idman administratorluğu kursu təşkil edir.