MİLLİ PARKDA DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜNƏ HƏSR OLUNMUŞ BAYRAM KONSERTİ
Oktyabrın 18-də, Azərbaycanın Dövlət Müstəqillik günü münasibətilə Dövlət Televiziya və Radio Verilişləri Şirkəti və Bakı Şəhəri İcra Hakimiyyəti Milli Parkda böyük bayram konserti təşkil etmişlər.
Azərbaycan Prezidenti Heydər Əliyev axşamüstü işdən evə gedərkən paytaxt sakinləri ilə görüşmək və onları bayram münasibətilə təbrik etmək üçün yolüstü Milli Parka gəldi. Parka toplaşmış on minlərlə sakin, habelə xoş havada dəniz kənarına gəzitiyə çıxmış şəhərimizin qonaqları dövlətimizin başçısını hörmət və ehtiramla, alqışlarla qarşıladılar.
Prezident HEYDƏR ƏLİYEV onlara müraciətlə dedi:
-Əziz dostlar!
Bu gün bizim böyük bayramımızdır. Azərbaycanın dövlət müstəqilliyinin 11-ci ildönümüdür. Ölkəmiz bayram edir, xalqımız, vətənimiz bayram edir. Siz də bu bayram əhval-ruhiyyəsi ilə buraya toplaşmısınız. Görürəm ki, Milli Parkda adamlar o qədərdir ki, tərpənmək olmur. Bu, məni çox sevindirir. Demək, xalqımız rahat yaşayır, işləyir, öz dövlətini inkişaf etdirir və bu bayram günü istirahət edir.
Mən buraya təsadüfən gəlmişəm. İşdən çıxıb evə gedirdim. Buradan keçəndə gördüm ki, çox adam var. Fikirləşdim ki, Milli Parka gəlim. Gənc vaxtı burada çox gəzmişəm, indi də hərdənbir gəzirəm. Amma bu dəfə gördüm ki, buraya lap çox adam yığışıb və konsert başlayacaqdır.
Mən sizin hamınızı ürəkdən təbrik edirəm, cansağlığı arzu edirəm. Hamınıza, hər birinizə ailə səadəti, bütün işlərinizdə uğurlar arzulayıram. Sağ olun.
X X X
Parka toplaşanlar Azərbaycan tarixinin bu əlamətdar günündə onlara səmimi arzularını yetirən, bayram sevincini xalqı ilə bölüşən Prezident Heydər Əliyevi səmimi qəlbdən təbrik etdilər, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində, respublikamızın taleyüklü problemlərinin həllində əvəzsiz xidmətləri olan görkəmli dövlət xadiminə ən xoş arzularını bildirdilər, bundan sonra da onu hər zaman dəstəkləyəcəklərini vurğuladılar.
Sonra bayram konserti başladı. Gecə yarıyadək davam edən və respublika televiziyası ilə birbaşa yayımlanan konsertdə Azərbaycanın tanınmış incəsənət ustalarının ifasında rəngarəng mahnılar səsləndi, vətənə, xalqa, Prezidentə həsr edilmiş şerlər oxundu.
Foto Rafiq Bağırovundur