Milli Qəhrəman İsrafil Şahverdiyevin xatirəsi anılıb
Ağcabədi, 17 yanvar, AZƏRTAC
Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevin xatirəsi laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində anılıb.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Laçın Rayon Polis Şöbəsi şəhidlərinin qəsəbədə ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Tədbirdə çıxış edənlər İsrafil Şahverdiyevin mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, İsrafil Şahverdi oğlu Şahverdiyev 1952-ci il iyunun 11-də Laçın rayonunun Unannovu kəndində anadan olub. O, 1991-ci ildən milis (polis) zabiti kimi torpaqlarımızın erməni təcavüzkarlarından müdafiəsində fəal iştirak edib. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçirilməsində müstəsna rol oynayıb. Onun rəhbərlik etdiyi rota 1992-ci ilin sentyabrında Hocaz yüksəkliyi və Hocaz kəndi uğrunda gedən döyüşlərdə xüsusi fəallıq göstərib. 1994-cü ilin yanvarında Füzuli rayonunun Horadiz qəsəbəsi və 21 kəndin düşməndən azad edilməsində iştirak edən İ.Şahverdiyev qəhrəmanlıqla həlak olub. O, Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.
Respublikamızın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyi şəxsi igidlik və şücaətə görə Azərbaycan Prezidentinin 1995-ci il 15 yanvar tarixli Fərmanı ilə İsrafil Şahverdiyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Laçın rayonundakı orta məktəblərdən biri onun adını daşıyır.
Çıxışlarda İsrafil Şahverdiyevin cəsurluğundan, torpağa bağlılığından, Vətənə sədaqətindən fəxarətlə danışılıb, onun mənalı ömrünün gələcək nəsillər üçün örnək olduğu vurğulanıb.