Milli Qəhrəmanlar haqqında çəkilmiş sənədli filmlərin nümayişi davam edir
Bakı, 17 yanvar, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar Azərbaycanın Milli Qəhrəmanları haqqında çəkilmiş sənədli filmlərin nümayişi davam edir.
İdarədən AZƏRTAC-a bildirilib ki, Badamdar qəsəbə Mədəniyyət evində rejissor İsmayıl Zeynalovun Salatın Əsgərova haqqında “23 dəqiqə” və rejissor Fariz Əhmədovun Mirəsgər Seyidova həsr edilmiş “Vətən əsgəri” adlı filmləri tamaşaçılara təqdim olunub.
Növbəti nümayiş isə Binəqədi Mərkəzi Mədəniyyət evində reallaşıb. Rejissor İltifat Hacıxanoğlunun Oqtay Güləliyevə və Pəhləvan Fərzəliyevə həsr etdiyi “Laçın qartalı”, “Şərəfli ömrün manifesti”, Müşfiqabad qəsəbə Mədəniyyət evində rejissor Rəşad Qasımovun Mübariz İbrahimov və Muxtar Qasımova həsr olunmuş “Mübarizlik zirvəsi” və “Vətən sevgisi” adlı filmlərə baxış keçirilib.
Qeyd edək ki, gənc nəslin milli təfəkkürünün formalaşmasında, vətənpərvər ruhda tərbiyəsində və tariximizi öyrənməsində mühüm rol oynayan bu filmlərin nümayişi Bakı şəhərinin müxtəlif mədəniyyət ocaqlarında yanvarın 19-dək davam edəcək.