SİYASƏT
Milli Qurtuluş Günü Tbilisidə qeyd olunub
Tbilisi, 14 iyun, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda siyasi hakimiyyətə qayıdışı xalqımızı böyük bəladan, milli dövlətçiliyimizi parçalanaraq məhv olmaqdan xilas etdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev 15 İyun-Milli Qurtuluş Günü münasibətilə keçirilən tədbirdə söyləyib.
Onun sözlərinə görə, Heydər Əliyevin hakimiyyətə qayıdışı təkcə Azərbaycan xalqının deyil, qonşu və dost gürcü xalqının da həyatında mühüm tarixi, siyasi əhəmiyyət kəsb edib. Məhz Ümummilli Liderin səyi nəticəsində ölkələrimiz arasında münasibətlər yeni müstəvidə inkişaf etməyə başlayıb. Bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
F.Quliyev Ulu Öndərin təşəbbüsü ilə Gürcüstanda yaşayan soydaşlarımıza göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemlərinin həlli istiqamətində mühüm işlər görülür. Eyni zamanda, mədəniyyət və idman obyektləri tikilib istifadəyə verilib. Ümummilli Liderin adını daşıyan Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın müxtəlif bölgələrində məktəblər, uşaq bağçaları tikilib. Bu gün yüzlərlə azərbaycanlı gənc soydaşımız Gürcüstanın müxtəlif universitetlərində pulsuz təhsil alır. O, bu siyasətin bundan sonra da uğurla davam etdiriləcəyini bildirib.
Diplomat Heydər Əliyevin xilaskarlıq missiyası haqqında ətraflı məlumat verib. Ulu Öndərin həyat və fəaliyyətinə nəzər salıb.
Xətayi Əzizov
AZƏRTAC -ın xüsusi müxbiri
Tbilisi