Minatəmizləmə fəaliyyəti şəhərlərin bərpası üçün əsas amil kimi – Panel müzakirə
Bakı, 2 sentyabr, AZƏRTAC
Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda IV Beynəlxalq Minatəmizləmə Konfransı panel müzakirələrlə davam edir.
AZƏRTAC xəbər verir ki, BMT-nin İnkişaf Proqramının Minalarla Mübarizə üzrə Qlobal Məsləhətçisi Steinar Essenin moderatorluğu ilə keçirilən paneldə “Minatəmizləmə fəaliyyəti şəhərlərin bərpası üçün əsas amil kimi” mövzusunda fikir mübadiləsi aparılıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, minatəmizləmə yalnız humanitar və təhlükəsizlik məsələsi ilə məhdudlaşmır, eyni zamanda, təhlükəsiz yaşayış məkanlarının yaradılmasına xidmət edir. Onun sözlərinə görə, təhlükəsiz ərazilərin formalaşdırılması bərpa və yenidənqurma işlərinin, infrastrukturun qurulmasının və dayanıqlı inkişafın əsasını təşkil edir.
ANAMA-nın İdarə Heyətinin sədr müavini Samir Poladov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsinin miqyasından danışıb. Bildirib ki, 2020-ci ilin noyabrından indiyədək 298 min hektardan çox ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib, 260 mindən çox mina və digər partlayıcı sursat aşkar edilərək zərərsizləşdirilib. O vurğulayıb ki, minatəmizləmə olmadan bərpa prosesinə başlamaq mümkün deyil.
Sloveniyanın “ITF” Qəyyumlar Şurasının üzvü Aleş Musar mina təhlükəsinin ərazilərin bərpasına və təhlükəsiz yaşayış məskənlərinin yaradılmasına təsirindən danışıb. O, şəhərlərin bərpası prosesində humanitar minatəmizləmənin beynəlxalq əməkdaşlıq və koordinasiya əsasında həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyinin Humanitar İşlər üzrə Baş İdarəsinin və Beynəlxalq İşlər və Namizədliklər üzrə Baş İdarəsinin Baş direktoru Salem Al-Qahtani mina təhlükəsinin aradan qaldırılmasının ərazilərdə inkişaf və bərpa prosesləri üçün əhəmiyyətindən bəhs edib. O, təhlükəsiz ərazilərin yaradılmasının insanların dayanıqlı məskunlaşması və iqtisadi imkanların inkişafı baxımından mühüm olduğunu qeyd edib.
BMT-nin Minalarla Mübarizə Xidmətinin (UNMAS) Minalarla Mübarizə Proqramının rəhbəri Mark Connelly humanitar minatəmizləmənin şəhərlərin təhlükəsiz və dayanıqlı bərpasında rolunu diqqətə çatdırıb. O, mina təhlükəsinin şəhərsalma və inkişaf proseslərinə inteqrasiyasının, eləcə də bu sahədə fəaliyyət göstərən qurumlar arasında effektiv koordinasiyanın vacibliyini vurğulayıb.
Müzakirələr zamanı mina təhlükəsinin şəhərsalma və inkişaf proseslərinə inteqrasiyası, mina çirklənməsinin şəhərlərin bərpasına yaratdığı çətinliklər, təmizlənmiş ərazilərin dayanıqlı iqtisadi imkanlara çevrilməsi, eləcə də humanitar minatəmizləmə fəaliyyəti ilə məşğul olan qurumlar və şəhərsalma institutları arasında effektiv koordinasiyanın əhəmiyyəti diqqətə çatdırılıb.