Mingəçevir Dövlət Universitetində “MS Word – MS Office” proqramları üzrə təlim keçirilib




Bakı, 11 fevral, AZƏRTAC
Mingəçevir Dövlət Universiteti (MDU) Mühəndislik fakültəsinin İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə “MS Word – MS Office” proqramları üzrə peşəkar təlim keçirilib. Təlimdə iştirakçılara, xüsusən də tələbələrə “MS Word” və “MS Office” proqramlarının effektiv istifadəsi barədə ətraflı məlumat verilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, təlimçi Leyla İsmayılzadə iştirakçılara ofis proqram təminatlarının iş prosesində necə faydalı ola biləcəyi, xüsusilə yazıların hazırlanmasında, təqdimatların yaradılmasında və məlumatların analizində bu proqramların imkanları haqqında məlumat verib. Təlim zamanı “MS Word”un əsas funksiyaları, şablonlardan istifadə, sənədin formatlaşdırılması, cədvəllərin və qrafiklərin əlavə edilməsi kimi məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Təlimin əsas məqsədi iştirakçıların ofis proqramları ilə iş bacarıqlarını inkişaf etdirərək, onlara gələcəkdə akademik və peşəkar həyatda daha təsirli və məhsuldar olmalarına kömək etmək olub.
MDU-nun Mühəndislik fakültəsi bu cür təlimlərin tədris və tədqiqat sahəsində tələbələrin kompetensiyalarını artırmağa yönəldiyini bildirərək, gələcəkdə də digər təlimlər və seminarlar təşkil etməyi planlaşdırır.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub və onların bu sahədəki biliklərinin artırılması məqsədilə daha geniş fəaliyyətlərin keçirilməsi barədə məlumat verilib.