Mingəçevir şəhərinin 65 illik yubileyi təntənə ilə qeyd edilmişdir
Mingəçevir, 11 noyabr (AZƏRTAC). Mingəçevir şəhərinin əsasının qoyulmasının 65 illiyi münasibəti ilə “Şəhər günü” adlı bayram mərasimi təşkil olunmuşdur. AZƏRTAC xəbər verir ki, Kür çayının kənarındakı Sahil parkında başlayan yubiley mərasimində Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin təmsilçiləri, Mingəçevirin qardaşlaşdığı Belarusun Polosk və Türkiyənin Qars şəhərindən qonaqlar, şəhərin ilk qurucuları və minlərlə sakini iştirak etmişdir. Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüşlər.
Sonra iştirakçılara Mingəçevirin tarixini əks etdirən və şəhər ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan tarixi eksponatlar təqdim olunmuşdur. Məlumat verilmişdir ki, sənaye şəhəri olan Mingəçevirin əsası 1948-ci il noyabrın 11-də qoyulmuşdur. Mingəçevirin ərazisi isə yaşayış məntəqəsi kimi çox qədim tarixə malikdir. Hətta beş min il əvvəl burada kiçik şəhər və qaynar həyat mövcud olmuşdur. Arxeoloji tapıntılar bu qədim yaşayış məskəninin ticarət, sənətkarlıq və mədəni əlaqələrinin yüksək səviyyəsindən soraq verir.
Yubiley münasibəti ilə şəhər sakinlərini təbrik edən şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatı Aydın Mirzəzadə vurğulamışdır ki, 65 il əvvəl bünövrəsi qoyulmuş bu şəhər çox qısa müddətdə ölkə sənayesinin inkişafına dəyərli töhfələr vermişdir. Keçmiş sovet ölkələrindən xeyli sayda mütəxəssis Mingəçevirə gələrək, burada işləmiş və yaşamışdır. Bu şəhər indi də özünəməxsusluğu ilə fərqlənir.
Daha sonra Mingəçevir Dövlət Dram Teatrının qarşısında, açıq havada aktyorların təqdimatında səhnəciklər nümayiş olunmuşdur. Həmçinin idmançılar öz nümunəvi çıxışlarını təqdim etmiş, musiqiçilərin rəngarəng ifaları mərasimə xüsusi gözəllik qatmışdır. Folklor qruplarının çıxışı, məktəblilərin əl işləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Mingəçevir Su Elektrik Stansiyasına təşkil olunmuş ekskursiya zamanı qonaqlara stansiyanın tarixi barədə ətraflı məlumat verilmişdir.
Yubiley tədbirləri Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. İlk olaraq tədbir iştirakçıları Mingəçevirin tarixindən bəhs edən “Nur şəhəri” adlı filmə tamaşa etmişlər. Çıxış edənlər Mingəçevirin 65 il ərzində keçdiyi böyük inkişaf yolundan söhbət açaraq bildirmişlər ki, ölkənin enerji ilə təminatında Mingəçevir şəhərindəki elektrik stansiyaları mühüm rol oynayır. Ölkə iqtisadiyyatının inkişafında da Mingəçevirin özünəməxsus payı vardır. Çıxışlarda, həmçinin təhsil sahəsində qazanılan uğurlar, şəhərdə aparılan geniş miqyaslı tikinti, abadlıq və quruculuq işləri barədə də məlumat verilmişdir.
Şəhərin ictimai-siyasi həyatında göstərdiyi fəallığa görə bir qrup şəxsə fəxri fərmanlar təqdim edilmişdir.
Yubiley tədbirləri respublikanın tanınmış incəsənət ustalarının təqdimatında maraqlı konsert proqramı və atəşfəşanlıqla başa çatmışdır.