Mingəçevirdə 15 kiloqram marixuana satmaq istəyən Ağdaş rayon sakini saxlanılıb VİDEO
Bakı, 1 mart, AZƏRTAC
Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə bir nəfərin Kür çayının Mingəçevir şəhərindən keçən hissəsinin sahilində külli miqdarda narkotik vasitə satacağı barədə əməliyyat məlumatı daxil olub. Dərhal idarənin əməkdaşlarından ibarət əməliyyat qrupu həmin ünvana yollanıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin satışında şübhəli bilinən Ağdaş rayon sakini İman Zamanov saxlanılaraq idarəyə gətirilib.
Saxlanılan şəxsin üzərində hal şahidlərinin iştirakı ilə axtarış keçirilən zaman ona məxsus çantadan külli miqdarda marixuana aşkarlanaraq götürülüb. Ekspertiza həmin narkotik vasitənin ümumi çəkisinin 15 kiloqram 5 qram çəkidə qurudulmuş marixuana olması barədə rəy verib.
İ.Zamanov ifadəsində marixuananı Qax rayonunda meşəlik sahədə yabanı halda yığdığını və qurudandan sonra satmaq niyyəti ilə Mingəçevirə gətirdiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.