“MİNİLLİYİN MÜKAFATI”NA KALİFORNİYA UNİVERSİTETİNİN YAPON PROFESSORU LAYİQ GÖRÜLDÜ
Mükafatın pul ekvivalenti 1 milyon avrodur.
Nakamura hallium nitridinin kimyəvi birləşməsi, habelə mavi lazer əsasında işıqsaçan diodlar ixtira etmişdir. Onlar parlaq mavi, yaşıl və ağ işıq verir. Alimin ixtirasından bəzi müasir qurğularda və insan fəaliyyətinin bir çox sahələrində istifadə edilir. Bu diodlar adi kozərmə lampalarından qat-qat çox işlədilə bilər və bu zaman xeyli elektrik enerjisinə qənaət olunur.
“Minilliyin mükafatı”nın Beynəlxalq Seçmə Komitəsinin başçısı Pekka Taryanne demişdir ki, Nakamuranın ixtirası Tomas Edisonun ixtirası ilə müqayisə edilə bilər.
Nakamura təqdimat mərasimi ərəfəsində bildirmişdir ki, bu mükafat onun üçün böyük şərəfdir, çünki “Minilliyin mükafatı”nı Avropada və Birləşmiş Ştatlarda, demək olar, Nobel mükafatına bərabər tuturlar.
O, mükafatının bir hissəsini inkişaf etməkdə olan ölkələrə enerjini qənaətlə işlədən qurğular göndərməklə məşğul olan “Dünyaya işıq saç” fonduna vermək niyyətindədir.
“Minilliyin mükafatı” Finlandiyanın elmi və tədqiqat cəmiyyətlərini birləşdirən Texnologiya Fondu tərəfindən təsis edilmiş və ilk dəfə 2004-cü ildə İnternetin ixtiraçısı Tim Berners-Liyə təqdim olunmuşdur.
Mükafat iki ildən bir verilir.