Mirhəsən Seyidov: Xalqına nifrət edən şəxs o xalqın fəxri adını daşıya bilməz
Bakı, 25 may, AZƏRTAC
Torpaqlarının 20 faizi işğal altında olan, həmin ərazilərdə bütün milli-mədəni irsi dağıdılan, on minlərlə nümayəndəsinin sırf etnik mənsubiyyətinə görə həlak olduğu, uşaqların, qadınların, qocaların qəddarcasına qətlə yetirildiyi bir xalqın nümayəndəsinin - Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filmi milli xəyanətin, insan mənəviyyatının deqradasiyasının və alçalmasının, milli köklərinə, xalqına nifrətin bariz nümunəsidir.
Bu fikri AZƏRTAC-a “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov Rüstəm İbrahimbəyovun rejissoru olduğu “Qafqaz üçlüyü” filminə münasibət bildirərkən deyib.
M.Seyidov qeyd edib ki, Rüstəm İbrahimbəyov 2013-cü ildə olduğu kimi, yenə də ermənilərə tərif yağdırması ilə gündəmə gəlib. Hələ beş il əvvəl Rusiya mətbuatına müsahibə verən ssenarist “Mən əminəm ki, erməni xalqı bizə düşmən deyil. Onlar da azərbaycanlılar kimi, baş verənlərin qurbanıdır”, - deməklə iç üzünü açıb ortaya qoymuşdu. İndi isə ssenari müəllifi olduğu “Qafqaz üçlüyü” filmi ilə gündəmə gələn bu şəxs “erməni sevdası”nı bütün çılpaqlığı ilə ortaya qoyub.
“Filmə nəzər saldıqda kinoda azərbaycanlıların vəhşi, qəddar, qatil obrazında, ermənilərin isə alicənab, sülhsevər, qurban kimi təqdim olunduğunu görürük. Ssenarist filmdə Azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətləri tamamilə əks formada - azərbaycanlıları vəhşi xalq kimi təqdim edib, ermənilərin isə humanist olduğunu göstərib. Görünən odur ki, İbrahimbəyovun hələ də Ermənistan hakimiyyətinə mənəvi borcu var və bu borcu heç cür ödəyib qurtara bilmir. Azərbaycanlı olmayan və ya öz tarixini dərindən bilməyən bir insan həmin filmi izləsə, zənnimcə, Azərbaycana nifrət edə bilər. Çünki tarixin bütün dövrlərində yüksək dəyərləri ilə seçilən Azərbaycan xalqı bu filmdə vəhşi kimi təsvir edilib. Düşünürəm ki, torpaqlarının 20 faizi hələ də işğal altında olduğu halda öz milli kimliyini qəpiyə satan Rüstəm İbrahimbəyov bizim xalqımızın nümayəndəsi ola bilməz. Buna nə yaradıcılıq, nə də peşəkar sənət demək olmaz. Bu, sadəcə 20 faizə sığmayan “yaradıcılıqdır. Xalqına nifrət edən şəxs o xalqın fəxri adını daşıya bilməz”, - deyə M.Seyidov qeyd edib.
Humanistliyi ilə seçilən Azərbaycan xalqının bu xüsusiyyətinə görə daim nümunə kimi göstərildiyini vurğulayan İctimai Birliyin sədri bildirib: “Maraqlıdır, R.İbrahimbəyov “daş yuxu”dan oyanıb bir dəfə də olsun erməni əsirliyində olan azərbaycanlıları düşünübmü? Onların da haqlarının qorunması üçün tolerantlıq göstərərək ssenari yazmağı düşünübmü?! Bu gün erməni əsirliyində qalan azərbaycanlı əsirlərə nə qədər işgəncə verildiyi göz qabağındadır. Öz millətini, milli dəyərlərini, dövlətini qorumağı, onu olduğu kimi təqdim etməyi, vətəndaşlıq borcunu yerinə yetirməyi bilməyən şəxs azərbaycanlı ola bilməz. Hər hansı yaradıcılıq, incəsənət heç bir insanı bu cür vətən daşına çevirə bilməz. Bu, bir daha göstərdi ki, daşdan səs çıxmadığı kimi, Rüstəm İbrahimbəyov kimi “yaradıcı” insandan da Vətən üçün səs çıxa bilməz”.