Mirsalam Qənbərov: İsti yay günlərində atmosfer havasının çirklənməsi daha intensiv xarakter alır
Bakı, 29 avqust, AZƏRTAC
Atmosfer havası ilə bağlı aparılan monitorinqlər göstərir ki, isti yay günlərində küləksiz, yüksək temperatur olan dövrlərdə atmosfer havasının çirklənməsi daha intensiv xarakter alır.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qənbərov avqustun 29-da keçirilən mətbuat konfransında deyib.
Şöbə müdirinin sözlərinə görə, hazırda paytaxtda havanın çirklənməsinin 70 faizdən çoxu avtonəqliyyatın payına düşür. Bununla yanaşı, iri sənaye müəssisələrinin cəmləşməsi, insanların sıx məskunlaşması da havanı çirkləndirən əsas amillərdəndir. Atmosfer havasının keyfiyyətinə təsir edən digər səbəblər isə təsərrüfat fəaliyyəti zamanı ekoloji norma və standartlara düzgün riayət edilməməsidir.
Atmosferə atılan tullantıların böyük bir hissəsi nəqliyyat vasitələrinin payına düşdüyü üçün bu sahə üzrə daha mütərəqqi metodların tətbiqi, təbiətə dost nəqliyyat vasitələrinin təşviqi təmin edilməli, elektromobillərin, hibrid nəqliyyat vasitələrinin, havanı daha az çirkləndirən sıxılmış qazla işləyən avtomobillərin sayı artırılmalı, dizel yanacağı ilə işləyən nəqliyyat vasitələri minimuma endirilməli, mühərriki kiçikhəcmli avtomobillərə üstünlük verilməlidir.
2021-ci ildə ölkədə istehsal olunan yanacağın avro-5 standartına uyğunlaşdırılacağını nəzərə alsaq, nəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin azalmasına nail oluna bilər.