Misir tədqiqatçıları 70 milyon il əvvələ aid tısbağa qalıqları tapıblar
Bakı, 23 fevral, AZƏRTAC
Misirin Yeni Vadi Universitetinin müştərək tədqiqat qrupu Şimali Afrikada ilk dəfə olaraq 70 milyon il əvvələ aid yanboyunlu tısbağanın qalıqlarını aşkar edib.
AZƏRTAC “Əl Əhram” nəşrinə istinadla xəbər verir ki, Yeni Vadi Universitetinin rektoru Abdel-Aziz Tantavi Qahirə Universitetinin alimlərinin də daxil olduğu birgə tədqiqat qrupunun Xarqa vadisinin Quseir ərazisində yanboyunlu çay tısbağasının tam qabığının qalıqlarının tapıldığını bildirib. O əlavə edib ki, bu tip tısbağa Misir və Şimali Afrikada kəşf edilən ilk növdür və rəsmi olaraq “Xargaçelis Karioensis” adlandırılıb.
Tədqiqatçıların fikrincə, tısbağa qabığının qalıqları 70 milyon il əvvələ, Yuxarı Təbaşir dövrünə aiddir. Yeni kəşf Misir və Şimali Afrikada Son Təbaşir (“Pleurodires”) dövründə yanboyunlu çay tısbağalarının çatışmayan təkamül boşluğunu doldurmağa kömək edir.
Fosilin kəşfi dekabr ayında Yaponiyanın Vaseda Universiteti və İspaniyanın “Universidad Nacional de Educación a Distancia” tədqiqatçıları ilə birlikdə “Diversity jurnalı”nda dərc edilib.