Misirdə Azərbaycanla bağlı silsilə tədbirlər keçirilib
Qahirə, 16 mart, AZƏRTAC
Azərbaycanın Misirdəki səfirliyi və burada fəaliyyət göstərən “Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin təşkilatçılığı ilə Novruz bayramı ilə əlaqədar silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, birliyin gənc fəalları Qahirə şəhərində, Təhsil Nazirliyinin nəzdindəki xarici tələbələr klubunda Azərbaycan mədəniyyət gecəsi təşkil ediblər. Burada Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası və milli mətbəxi ilə bağlı sərgi təşkil edilib.
Tədbir çərçivəsində birliyin sədri, tədqiqatçı alim Seymur Nəsirov klubun idarə heyəti və Misir Təhsil Nazirliyinin xarici tələbələr klublarının sədri Məhəmməd Abbasla da görüşərək Azərbaycan ilə Misir arasında tarixi əlaqələrdən, mədəniyyətimizdən və turizm potensialından söhbət açıb. Klub rəhbərliyi tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə Birliyin fəal tələbələrinə diplomlar və kubok təqdim edib.
Azərbaycanın Misirdəki səfirliyində Novruz bayramı ilə əlaqədar tədbir keçirilib. Səfirliyin birinci katibi Polad Heydərov və Birliyin sədri Seymur Nəsirov çıxış edərək tədbir iştirakçıların bayramını təbrik edib, onları Vətənimizlə bağlı həqiqətləri təbliğ etməkdə birgə fəaliyyət göstərmələrini tövsiyə ediblər.
“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin fəal xanımları da Novruz bayramı ilə əlaqədar tədbir keçiriblər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə