Misirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib
Qahirə, 28 dekabr, AZƏRTAC
Qahirədə “Vətənpərvər” Misirdəki Diaspor Təşkilatları Birliyinin təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “Vətənpərvər” Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov diaspor üzvlərini Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Qələbəsi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.
S.Nəsirov qeyd edib ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və böyük sərkərdəlik məharəti sayəsində azadlığa qovuşub. O deyib: “İndi xarici ölkələrdə, o cümlədən Misirdə yaşayan hər bir azərbaycanlı qüdrətli və qalib xalqın nümayəndəsinə xas böyük qürur hissi keçirir. Artıq burada keçirilən tədbirlərdə heç kim bizə torpaqlarımızın niyə hələ işğal altında olduğu sualını verə bilməyəcək. Biz Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycanın vətəndaşlarıyıq və bununla fəxr edirik. Prezident İlham Əliyev yeni əsrdə torpaqları düşmən işğalından azad edən sərkərdə kimi adını tarixə qızıl hərflərlə yazdırıb”.
Diaspor təşkilatlarının yola saldığımız ildə fəaliyyətindən danışan S.Nəsirov diqqətə çatdırıb ki, xalqımızın zəngin mədəniyyətinin və tarixinin Misirdə və qonşu ölkələrdə təbliği istiqamətində səfirliklə birlikdə xeyli iş görülüb. Vətən müharibəsi günlərində isə yerli mətbuatda məqalələr dərc etdirilib, habelə Misir parlamentinin üzvləri, dini və ictimai təşkilatların nümayəndələrinə mütəmadi olaraq məlumatlar çatdırılıb. Dost ölkənin dini qurumlarının rəhbərləri və ictimai-siyasi xadimləri şanlı Qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar. Diaspor üzvləri də sosial şəbəkələrin ərəb dilindəki seqmentində xalqımızın ədalətli mövqeyi haqqında statuslar, foto və videomateriallar paylaşıblar. Diaspor fəaliyyətinin daha bir mühüm istiqaməti Azərbaycanın Qahirədə təhsil alan əcnəbi və yerli tələbələr arasında təbliğidir. Belə ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində, həmçinin Əzhər Universitetində Azərbaycan dili kursları açılıb, müxtəlif ölkələrdən olan gənclər həmin kurslarda iştirak ediblər.
Tədbirin sonunda diaspor üzvlərinin 2021-ci ildə təşkilatın fəaliyyətinə dair təklif və mülahizələri dinlənilib. Həmçinin “Şanlı Qələbəmiz uşaqların gözü ilə” mövzusunda təşkil olunmuş sərgidə iştirak edən azərbaycanlı ailələrin uşaqlarına hədiyyələr təqdim olunub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə