MİSİRİN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
AZƏRTAC xəbər verir ki, iyulun 24-də Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi ölkəsinin milli bayramı - 23 iyul İnqilab günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Misirin Azərbaycandakı səfiri Yusif Əhməd İbrahim əl-Şarkavi qəbulda çıxış edərək, ölkəsinin inqilabdan ötən 56 ildə keçdiyi inkişaf yolundan danışmış, bu illər ərzində müxtəlif sahələrdə böyük tərəqqiyə nail olduğunu, dünya birliyində layiqli yer tutduğunu vurğulamışdır.
Diplomat dost ölkələr olan Misir ilə Azərbaycan arasında genişlənən əlaqələrdən məmnunluğunu bildirərək demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ilin mayında Misirə rəsmi səfəri zamanı keçirilmiş görüşlər və əməkdaşlığa dair imzalanmış sənədlər ölkələrimiz arasında dostluq münasibətlərinin daha da dərinləşməsinə töhfə vermişdir.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov çıxış edərək əlamətdar bayram münasibətilə bütün Misir xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik etmiş, dövlətimizin başçısının salamlarını və xoş arzularını çatdırmışdır. Z.Əsgərov demişdir ki, ölkələrimiz arasında mədəni əlaqələr hələ qədim dövrlərdən mövcud olmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr digər sahələr üzrə də yüksələn xətlə inkişaf etməyə başlamışdır. Son illər dövlətlərimiz arasında bir sıra mühüm sənədlər imzalanmış, iqtisadi və mədəni sahələrdə əməkdaşlığımızın inkişaf perspektivləri həmin sənədlərdə öz əksini tapmışdır.
Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən birinin Misir olduğunu xatırladan Ziyafət Əsgərov Prezident İlham Əliyevin Misirə rəsmi səfərinin, keçirdiyi görüşlərin və imzalanmış sənədlərin əlaqələrimizin inkişafında əhəmiyyətini vurğulamışdır.
Qəbulda Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin və mətbuatın nümayəndələri iştirak etmişlər.
######
