Missisipi çayının hövzəsində son onillikdə ən güclü daşqın davam edir
Bakı, 11 may (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Missisipi çayının hövzəsində daşqın hələ də davam edir. Bu, son onillikdə ən güclü daşqındır.
Yerli KİV-lər mayın 10-da xəbər vermişlər ki, güclü yağmurlar nəticəsində sahillərindən çıxmış çaylar Amerikanın səkkiz ştatında çoxsaylı yaşayış məntəqələrini, yolları və kənd təsərrüfatı təyinatlı torpaqları suya qərq etmişlər.
Ölkənin ən iri iqtisadi mərkəzlərindən biri sayılan Memfis (Tennessi ştatı) rayonunun aşağı hissəsində yerləşən qoruyucu bəndlər uçmuşdur.
Şəhərin yoxsullar yaşayan məhəllələrinə daha çox ziyan dəymişdir. Nisbətən əlverişli mövqelərdə yerləşən evlərin birinci mərtəbəsi, bəzi evlər isə bütünlüklə suyun altında qalmışdır. Şəhərin digər hissələri daha güclü bəndlərlə qorunduğu üçün onlara ciddi zərər dəyməmişdir.
KİV-lərdə verilən məlumata görə, Memfis yaxınlığında Missisipi çayında suyun səviyyəsi 14,6 metrə çatmışdır. Bu, keçən əsrin birinci yarısında qeydiyyata alınmış rekord göstəricidən cəmi bir neçə santimetr aşağıdır.
Bu arada təbii fəlakət başqa rayonlarda da özünü göstərməkdə davam edir. Məsələn, çayın deltası yaxınlığında sel suları kənd təsərrüfatı əkinlərini yuyub aparmış, yüzlərlə binaya ziyan vurmuşdur.
Ən iri kazinoların bağlanması bu ştata daha ciddi ziyan vurmuşdur, çünki bu müəssisələrdən yığılan vergilər xəzinənin gəlirlərinin xeyli hissəsini təşkil edir. Bundan əlavə, hakimiyyət orqanları Missisipi çayının daşması ilə əlaqədar başqa təhlükələr yaranacağından ehtiyat edirlər.
Həlak olanlar barəsində hələlik məlumat daxil olmamışdır, lakin Tennessi ştatının bir neçə sakini itkin düşmüş elan edilmişdir.
Sinoptiklərin proqnozlarına görə, regionda güclü yağışlar hələ bir neçə gün davam edəcəkdir, yaxın iki həftədə isə çayda suyun səviyyəsi daşqın həddindən aşağı düşməyəcəkdir.