Mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri təsdiq edilib
Bakı, 1 avqust, AZƏRTAC
Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri təsdiq olunub.
AZƏRTAC xəbər verir ki, Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin və “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə” Qərar qəbul edib.
Qərara əsasən, foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir. Bu, mobil cihazın bazar qiyməti 100 ABŞ dollarından çox olmadıqda tətbiq olunur.
Bundan başqa, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir.
Mobil cihazların bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda dövlət rüsumu 50 manat, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda 60 manat, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda 70 manat, bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda 100 manat, bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda isə 150 manat dövlət rüsumu ödəniləcək.