Moldovada azərbaycanlı rejissorun quruluşunda “Əziz Pamela” tamaşasının premyerası olub
Kişineu, 11 dekabr, AZƏRTAC
Dekabrın 10-da Moldovanın Çıdır-Lunqa şəhərində, D.Tanasoğlu adına Qaqauz Yeri Milli Teatrında istedadlı azərbaycanlı rejissor Tural Mustafayevin quruluşunda amerikalı dramaturq Con Patrikin “Əziz Pamela” tamaşasının premyerası olub. Tədbir Moldova Respublikası Mədəniyyət Nazirliyinin, Qaqauz Yeri Muxtar Ərazi Qurumunun (MƏQ) və Azərbaycan Respublikasının Moldovadakı səfirliyinin dəstəyi ilə təşkil edilib.
Tamaşanın süjeti yarımdağılmış evin zirzəmisində yaşayan tənha və yaşlı qadın üzərində qurulub. Bir gün özlərini iş adamı kimi təqdim edən üç fırıldaqçı onun yanına gəlir. Onlar qadını öldürməyi düşünürlər. Amma qarşılarında sevgi dolu, bütün qəlbi ilə xeyirxahlığa inanan və həyata ümidlə baxan bir insan görürlər. Qadının saflığı onların bütün planlarını puça çıxarır, dəyişməyə və dünyaya başqa gözlə baxmağa vadar edir. Məqsədlərinin bir addımlığında qəhrəmanlar fikrə gedirlər...
Tədbirdə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun təbrik məktubu oxunub. Qaqauz Yeri MƏQ-in başkanı İrina Vlax çıxış edərək, əməkdaşlığa görə Azərbaycan rəhbərliyinə təşəkkür edib. Başkan ümidvar olduğunu bildirib ki, hazırda Heydər Əliyev Fondunun vəsaiti ilə Çıdır-Lunqa şəhərində inşa edilən mədəniyyət və təhsil mərkəzi Azərbaycan ilə Moldova, o cümlədən Qaqauz Yeri MƏQ arasında mövcud dostluq münasibətlərini və hərtərəfli qarşılıqlı əlaqələri daha da möhkəmləndirəcək.
Tədbirin sonunda İrina Vlax D.Tanasoğlu adına Qaqauz Yeri Milli Teatrının 20 illiyi münasibətilə teatrın işçilərinə, o cümlədən azərbaycanlı rejissor T.Mustafayevə fərqlənmə diplomları təqdim edib. O qeyd edib ki, T.Mustafayevin mükafatlandırılması mərasimi İ.Vlaxın Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasında iştirak etmək üçün gələn il Azərbaycana rəsmi səfəri çərçivəsində olacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu