“Molla Nəsrəddin” jurnalının ilk və tam elektron arxivi yaradılıb
Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycanın ilk illüstrasiyalı satirik jurnalı “Molla Nəsrəddin”in 115 illik yubileyinə hazırlıq məqsədilə hələ ötən ildən Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda akademik Teymur Kərimlinin rəhbərliyi ilə ilk dəfə “Molla Nəsrəddin” jurnalının tam elektron arxivinin yaradılması işinə başlanılıb və bu günlərdə proses uğurla başa çatdırılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, hazırda “Molla Nəsrəddin”in ilk tammətnli elektron bazasında jurnalın 25 il müddətində buraxılmış bütün saylarının (748 nömrə), o cümlədən Tiflisdə çap olunmuş 340, Təbrizdə işıq üzü görmüş 8 və Bakıda nəşr edilmiş 400 nömrəsinin rəqəmsal surəti mövcuddur. Başqa sözlə, ümumilikdə 5968 səhifə elektronlaşdırılaraq veb-kataloq (beta versiya) şəklində institutun internet səhifəsinə yerləşdirilib.
Rəqəmsallaşdırmaq məqsədilə jurnalın nüsxələrinin komplektləşdirilməsi zamanı Əlyazmalar İnstitutunun fondu ilə yanaşı, Milli Arxiv İdarəsi və M.F.Axundzadə adına Milli Kitabxananın da fonduna müraciət edilib, lazımi materiallar müəyyənləşdirilərək, toplanılıb, sistemləşdirilib və qədim yazılı abidələr üçün nəzərdə tutulan xüsusi planetar skanerlərdə rəqəmsallaşdırılaraq elektron emala təqdim olunub.
Jurnalın 13 müxtəlif ildə nəşr olunmuş 184 nömrəsi Əlyazmalar İnstitutunun fondundan, çatışmayan qalan sayları isə adıçəkilən arxiv və kitabxanadan əldə edilərək rəqəmsal formata keçirilib. Yaxın günlərdə jurnalın elektron arxivinin institutun saytında yerləşdirilmiş veb-versiyası oxuculara təqdim olunacaq.