MOSKVADA AZƏRBAYCAN FİLMİNİN İLK NÜMAYİŞİ
İyulun 23-də Moskvanın “Bakı” kinoteatrında Ümumrusiya Azərbaycan Konqresinin köməyi ilə həmyerlilərimizin çəkdiyi “www.film.az” adlı sənədli-publisistik filmin ilk nümayişi olmuşdur. Filmin ssenari müəllifi və prodüseri Rusiya Jurnalistlər İttifaqı və S.Yesenin beynəlxalq fondu mükafatlarının laureatı “Zanussi” bədii televiziya filmləri festivalının qran-pri mükafatı laureatı, bir sıra bədii və sənədli filmlər üçün ssenarilər yazmış, telejurnalist, ORT-də “Vmeste” proqramının aparıcısı Əli Şərafəddin və “İnternet-Nyus” qəzetinin baş redaktoru, Azərbaycan televiziyasının “Den” informasiya proqramının aparıcısı Tem Bulqakovdur.
Yarım saatlıq filmdə tamaşaçılara Azərbaycan xalqının həyatından ən mühüm fraqmentlər göstərilir. Filmin əsasını uzun sürən ayrılıqdan sonra Bakıya qayıtmış baş qəhrəman Fəxrəddin Manafovun indiki nazirlərdən tutmuş qaçqınlara, taksi sürücülərinə, biznesmenlərə qədər əhalinin ən müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşləri təşkil edir. Filmin qəhrəmanları öz həyatlarını, öz ölkələrini necə gördüklərindən və nə barədə düşündüklərindən bəhs edirlər.
Film tezliklə Rusiyanın “Kultura” televiziya kanalında nümayiş etdiriləcək və tamaşaçılar Azərbaycan xalqının həyatının reallıqları, ölkənin tərəqqisi və problemləri ilə tanış ola biləcəklər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva